Xəbərlər

  • 4 338

Dünya bu gün: Çağırışlar və ümidlər

image

Qlobal Bakı Forumunun keçirilməsi dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə fəaliyyətə başlayan Qlobal Bakı Forumunun keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malikdir.

Bu Forum aparıcı beynəlxalq forumlardan birinə çevrilməklə yanaşı, həmçinin nüfuzlu platforma kimi fəaliyyət göstərir. Bakı Qlobal Forumunu iştirakçılarının sayına, təmsilçilik və intellektual səviyyəsinə görə beynəlxalq konfrans kimi qiymətləndirmək lazımdır. Bu nüfuzlu tədbirdə 60 ölkədən 350 nəfər iştirak etmişdir. Forumda nüfuzlu şəxslər, 50 dən artıq nazirlik, hazırkı və sabiq prezidentlər, həmçinin baş nazirlər təmsil olunmuşdur.

Cənab Prezident İlham Əliyevin Bakı Qlobal Forumunda "Dünya bu gün çağırışlar və ümidlər" mövzusunda çıxışı mühüm əhəmiyyətə malikdir. Cənab prezident forumda ilkin olaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi barədə dəyərli fikirlər söyləmişdir. O, çıxışında qeyd etmişdir ki, "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın tarixi ərazilərindən biri olan doğma Gəncə şəhərində dünyaya göz açmış, orada yaşayıb-yaratmış və qədim şəhərimizdə dəfn olunmuşdur. Bu dəyərli fikirlər Dahi şair Nizami Gəncəvinin Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edir.

Çıxışında Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti barədə əhəmiyyətli fikirlərini bildirən Cənab Prezident İlham Əliyev, məhz Azərbaycanın sədrliyi dövründə, yəni 2019-cu ildən 2023-cü ilədək Qoşulmama Hərəkatının fəaliyyətində böyük canlanma yarandığını qeyd etmişdir. Bununla əlaqədar beynəlxalq tədbirlər keçirilmiş və üç dəfə Zirvə toplantısı təşkil edilmişdir. Qoşulmama Hərəkatının Zirvə toplantısının biri COVID-19 pandemiyası ilə aparılan mübarizəyə həsr edilmiş və Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etmişdir.

Qlobal Bakı Forumunda cənab prezident, 30 il ərzində torpaqlarımızın Ermənistanın işğalçılıq siyasətinə məruz qalması barədə fikirlərini bildirmişdir. Lakin Azərbaycan xalqı və müzəffər ordumuz bu işğalçılıq siyasəti ilə barışmayaraq doğma torpaqlarımızı işğaldan azad etmişdir. Müharibədən sonrakı iki il ərzində işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanılmışdır. Hal hazırkı dövrdə isə Ermənistanla sülh müqaviləsinin imzalanmasına şərait yaranmışdır. Şübhəsiz ki, Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaqdır. Forumda qeyd olunan bu fikirlər dövlətimizin heç zaman milli ayrı seçkiliyə yol vermədiyini və ölkəmizdə yaşayan müxtəlif xalqlara qanun çərçivəsində geniş şəraitin yaradılmasını göstərir.

Azərbaycanın Avropaya təbii qaz ixrac edən ölkə olduğunu bildirən ölkə rəhbəri, həmçinin Avropa Komissiyasının da Azərbaycanın etibarlı tərəfdaş olduğunu söyləmişdir. Cənab Prezidentin bu fikirləri onu söyləməyə imkan verir ki, Azərbaycan yeni iqtisadi imkanlar əldə etməklə yanaşı, tərəqqi dövrünə qədəm qoyacaqdır.

Mirnağı Nəzərli

Xəzər rayonu 88 №li məktəbin direktoru

Digər xəbərlər