Xəbərlər

  • 583

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi - ŞƏRH

image

Ölkəmizin bir sıra mühüm beynəlxalq konfranslara ev sahibliyi etməsini beynəlxalq aləmdə dövlətimizin nüfuzunun əsas göstəricisi kimi qiymətləndirmək yerinə düşərdi. Bildiyimiz kimi COP-29-a 2024-cü ildə ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşəcəyi planlaşmışdır, bu qrupa daxil olan ölkəmiz dünya dövlətləriarası mühüm tədbirin ölkəmizdə keçirilməsi üçün namizədliyini irəli sürmüş və yekdil qərarla seçilmişdir. Bu böyük konfransa ev sahibliyi etmək möhtərəm Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü baş tutmuşdur. Görüş zamanı dövlətimizin başçısı COP-29-un əhəmiyyətindən və ölkəmizin suverenliyinin bərpa edilməsi məsələsinə toxunaraq bildirmişdir ki, “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk. Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər.

Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk”.

Böyük türk dünyasının iftixarı olan Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəinki regionda deyərdim ki,onun hüdudlarının kənarında belə güc dövləti kimi tanınmışdır. Bütün bunlar dövlət başçısının praqmatik və uğurlu siyasətinin bəhrəsidir.

Şaiq Zaidli

YAP Yardımlı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər