May ayının 16-da Belarus Respubliukasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanat vermişdir. Cənab Prezident qeyd edib ki, Belarus rəhbəri ilə bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı müzakirələr aparılmışdır.Qeyd edilmişdir ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.Müzakirələr zamanı vurğulanmışdır ki, Azərbaycanla Belarusun əməkdaşlığı yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.
Görüş zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko da bildirib ki, iki ölkənin münasibətləri çox səmimi və yaxındır: "Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq.
Görüş zamanı Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələlər də müzakirə ediblər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olub. Liderlər qlobal və regional məsələlər ətrafında da fikir mübadiləsi aparmış, ikitərəfli sənədlər paketi imzalanıb. Səfər çərçivəsində Prezidentlər beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkiblər.Ekspertlər hesab edirlər ki, Belarus rəhbərinin Azərbaycana gəlişi növbəti uğurlu səfərdir. Səfər çərçivəsində keçirilən mühüm görüşlər və imzalanan çoxsaylı sənədlər də bunu göstərir.Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə baş çəkməsi səfər zamanı ən yadda qalan məqamlardan oldu və siyasi əhəmiyyət daşıdığı xüsusi qeyd edilməlidir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini