Azərbaycan ilə Belarus müstəqillik əldə etməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Hər iki ölkə arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ulu öndər Heydər Əliyev beynəlxalq münasibətlərin, həmçinin Belarusla strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Ümummilli liderin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində möhkəm ikitərəfli münasibətlər qurulmuşdur.
Ölkə Prezidentləri, İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri nəticəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Ölkə liderlərinin qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələri həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir. Hər iki ölkə BMT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Hər zaman Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etirərək Belarus Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verib.
Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı aparılan müzakirələrin gedişində bir sıra vacib məqamlar bir daha öz təsdiqini tapdı. Ölkə liderlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində iki ölkə arasında münasibətlərin genişləndirilməsi və digər məsələlər müzakirə edildi. Qeyd edək ki, Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə rəhbərimiz çıxışı zamanı bildirib ki, işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq: “İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”.
Bundan əlavə, dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkəmizin mehriban dost olduğunu bir daha əyani şəkildə nümayiş etdirir: “Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik”.
Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi sənaye, turizm, iqtisadiyyat sahəsi ilə əlaqədar mühüm sənədlərin imzalanması gələcək inkişaf üçün yeni yollar açır və perspektivlər vəd edir. O cümlədən, Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan qələbəyə diqqəti cəlb edən dövlətimizin başçısı bildirdi ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir.
Ümumilikdə, səfər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdırlar. Azərbaycan ilə Belarus arasında münasibətlər konkret nəticələrə hədəflənib və iki dost ölkənin xalqlarının maraqlarına tam uyğun şəkildə inkişaf etdirilir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini