İnkişafa, tərəqqiyə və yüksək rifaha səs verək
Dünən 52 saylı Quba şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclis üzvlüyünə namizədi, Hüseyn Ağahüseyn oğlu Kərimov Qubada seçicilərlə görüşüb. 7 noyabr parlament seçkiləri çərçivəsində, təbliğat-təşviqat kampaniyası ilə əlaqədar keçirilən bu görüşdə 350 seçici iştirak edib.
Görüşdə deputatlığa namizəd Hüseyn Kərimovun səlahiyyətli nümayəndəsi Zülfirə Baxışova YAP-ın seçki platforması və namizəd barədə geniş məlumat verib. Z.Baxışova Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını vurğulayıb. O, qeyd edib ki, bu gün ölkənin ən nüfuzlu, kütləvi siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası böyük, şərəfli inkişaf yolu keçib: "Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideya-siyasi xətti bu gün uğurla həyata keçirilir. Bu baxımdan, partiyamızın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. Ötən 18 il ərzində YAP öz proqram məqsədlərinə sadiq fəaliyyət göstərib".
Z.Baxışova bildirib ki, qarşıdan gələn 7 noyabr parlament seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edir: "Hər bir seçici seçkilərdə fəal iştirak etməli, kimi seçəcəyi barədə düzgün və ədalətli qərar çıxarmalıdır. Çünki seçkilərin nəticəsi hər bir seçicinin səsindən asılıdır. İnanıram ki, seçicilər ən layiqli namizədi millət vəkili seçəcəklər. 7 noyabr seçkilərində sizi Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimova səs verməyə çağırıram".
Görüşdə deputatlığa namizəd H.Kərimovun vəkilləri A.Teymurxanlı, B.Kərimov və digərləri çıxış ediblər. Onlar Hüseyn Kərimov barədə xoş sözlər söyləyiblər və seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Hüseyn Kərimova səs verməyə çağırıblar.
Deputatlığa namizəd Hüseyn Kərimov qeyd edib ki, partiyanın Seçki Proqramında ölkəmizin son illərdə qazandığı uğurlar önə çəkilir, qarşıda böyük vəzifələrin dayandığı bildirilir: "Ölkəmizin aparıcı siyasi təşkilatı olaraq, Yeni Azərbaycan Partiyası Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltmək niyyətindədir. Partiyanın Seçki Proqramının əsasını məhz bu amal təşkil edir".
Milli Məclis üzvlüyünə namizəd H.Kərimov deputat seçiləcəyi təqdirdə, parlamentdə hər bir seçicini layiqincə təmsil etməyə çalışacağını söyləyib. H.Kərimov qeyd edib ki, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərinin etimadını yüksək səviyyədə doğrultmağa səy göstərəcək. Deputatlığa namizəd H.Kərimov seçicilərə təbliğat-təşviqat kampaniyası gedişində onu fəal şəkildə dəstəklədikləri üçün təşəkkürünü bildirib. O, Quba sakinlərinin 7 noyabr parlament seçkilərində ona səs vərəcəklərinə əmin olduğunu qeyd edib. O, seçicilərin etimadını qazanacağı halda, verilən vədlərin, seçicilərin qaldırdıqları məsələlərin həyata keçirilməsinə böyük səy göstərəcəyini bildirib.
Deputatlığa namizəd Hüseyn Kərimov partiyanın seçki platforması barədə ətraflı danışıb, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə seçicilərə geniş məlumat verib. H.Kərimov bildirib ki, parlament seçkilərində seçiciləri maraqlandıran məsələlərə xüsusi diqqət yetirir: "Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, seçiciləri maraqlandıran bütün məsələlər qanuna müvafiq şəkildə öz əksini tapsın. Bizim başlıca vəzifəmiz Yeni Azərbaycan Partiyasının "Güclü dövlət, yüksək rifah" devizi altında irəli sürdüyü platformanın xalqa çatdırılmasıdır. İnanıram ki, 7 noyabr seçkilərində seçicilərin etimadını -səsini qazana biləcəyəm. Yeni Azərbaycan Partiyasının namizədi kimi partiyamızın platformasının seçicilərə geniş şəkildə çatdırılmasına çalışıram. Sizi seçkilərdə fəal olmağa, xoşbəxt gələcəyimiz naminə düzgün seçim etməyə çağırıram. Gəlin, dövlətimizin daha da güclənməsinə, qüdrətlənməsinə və xalqın yüksək rifahına dəstək olaq!".
Seçicilər deputatlığa namizəd H.Kərimovla geniş fikir mübadiləsi aparıblar, öz arzularını, təkliflərini səsləndiriblər. Görüşdə çıxış edən seçicilər - Z.Aslanova, F.Quliyeva, C.Nağıyev və başqaları deputatlığa namizəd H.Kərimova səs verəcəklərini bildiriblər.