PDF Oxu

Xəbərlər

  • 9

Səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir

Səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir
"ABŞ və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki dövlət arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur. Lakin bəzi dairələr Birləşmiş Ştatların bölgədəki siyasətini xüsusilə, Azərbaycanla bağlı siyasəti ilə əlaqədar Senatda müəyyən addımlar atırlar". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, ABŞ-da erməni lobbisi bütün vasitələrlə Amerikanın Azərbaycan siyasətinə təsir göstərmək istəyir, ölkəmizin əleyhinə qərarların qəbul olunmasına cəhd göstərir. Onun sözlərinə görə, belə hallar yeni məsələ deyil, Azərbaycanın dövlət müstəqilliynin bərpasından bu yana biz erməni lobbisinin əli ilə Azərbaycana qarşı müxtəlif xarakterli qərarların qəbul olunması, çıxışların edilməsinin şahidi olmuşuq. 907-ci düzəliş də buna misaldır.
YAP İcra katibinin müavini qeyd edib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ABŞ-la ölkəmiz arasında münasibətlər inkişaf etməyə başlayıb. Hazırda isə Prezident İlham Əliyevin çevik və praqmatik xarici siyasət xətti erməni lobbisinin Azərbaycana yönəlik fəaliyyətinin qarşısının alınmasına müsbət təsir göstərir. Buna fakt kimi göstərmək olar ki, ötən illərdə ABŞ Konqresində separatçı Dağlıq Qarabağ rejiminə birbaşa yardım ayırsa da, bu il bundan imtina olunub. Çünki Azərbaycanın Konqresdəki dostlarının sayı artıb.
Bununla yanaşı erməni lobbisinin müxtəlif vasitələrlə münasibətlərə kölgə salmağa cəhd göstərdiyni deyən M.Qurbanlının sözlərinə görə, ABŞ-ın ölkəmizə səfir təyin etməsini yubatmaqla onlar müəyyən rəylər formalaşdırmağa çalışırlar: "ABŞ-ın Azərbaycanda səfirliyi var. Səfirin təyin olunması isə həmin ölkənin daxili işidir. Azərbaycan da müstəqil dövlət kimi bu ölkə ilə səfirlik vasitəsilə əməkdaşlıq edir. Belə hallar mövcuddur ki, ABŞ başqa ölkələrə də səfir təyinatını gecikdirib. Burada senatorların təsir altında olması, siyasi maraqlarla çıxış etmələri də rol oynayır. Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının ləngidilməsində də erməni lobbisinin rolu var. Həmçinin, bu məsələni yubatmaqla ermənilər hansısa niyyətlərinə nail olmağa çalışırlar. Amma bir məsələni yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bölgədə lider ölkədir. Bu gün bölgədə müxtəlif layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil. Azərbaycanın strateji əhəmiyyəti, Ermənistandan, o cümlədən digər region dövlətlərindən qat-qat üstündür. Ona görə də, ölkəmizə ABŞ-ın səfirinin təyinatının yubadılması Amerikanın maraqlarına zidd ola bilər, bu amil Azərbaycanın maraqlarına hansısa formada təsir göstərmir. Çünki Azərbaycan ABŞ üçün nə dərəcədə əhəmiyyət kəsb edirsə, Amerika da o qədər ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycan ABŞ-la diplomatik əlaqələrini səfir olmadan da həyata keçirir. Yəni bu əlaqələr ölkəmizin ABŞ-dakı səfirliyi vasitəsilə, eləcə də bu dövlətin Bakıdakı səfirliyi vasitəsilə həyata keçirilir. Yenə də deyirəm ki, səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir. Senatda bəzi şəxslər erməni lobbisinin təsirinə düşərək ABŞ-ın səfirinin təyinatını yubadırsa, deməli onların daxili problemidir. Onlar öz dövlətlərinin maraqlarına toxunan hərəkətə yol veriblər".
M.Qurbanlının fikrincə, bu faktdan erməni təbliğatı ucuz şou yaratmağa çalışırlar. Amma belə cəhdlər nəticə verməyəcək.

Digər xəbərlər