Ermənistanın isterik siyasəti
Beynəlxalq arenada siyasi və təbliğatı savaşında uduzan Yerevan Dağlıq Qarabağ ətrafında aparılan danışıqları uzatmağa çalışır. Görünən odur ki, problemin sülh yolu ilə həlli də, hərb yolu ilə həlli də Ermənistanı qane etmir. Bu səbəbdən də, danışıqlarda və cəbhə bölgəsində əlavə problemlər çıxarmaqla prosesi uzadır. Ekspertlərin qənaətincə, Ermənistanın belə addımları hərbi variantın gündəliyə çıxmasına təkan verə bilər.
Hazırda həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də Yerevan hərbi ssenarinin tətbiqinə qarşı çıxır və problemin dinc yolla nizamlanması üçün danışıqları davam etdirməyə çağırırlar. Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların təsir imkanlarından faydalanmağa səy göstərir. Bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun münaqişənin həllində hər hansı fərqli situasiyaya hazır olmadığından xəbər verir.
Siyasi müşahidəçilərin fikrincə, burada Rusiya faktoru da var. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı öz təsiri altında saxlamaq üçün, ümumiyyətlə, münaqişənin həllində irəliləyişin olmasını istəmir. Bu amillərin təsiri altında Ermənistan hakimiyyəti özünün maraqlarına uyğun olan variantla razılaşmır.
Lakin Ermənistan hazırda ciddi siyasi, iqtisadi, sosial və hərbi böhran yaşadığından, Yerevanın başqa seçimi yoxdur. Çünki erməni hakimiyyəti danışıqların baş tutmayacağı təqdirdə müharibənin qaçılmaz olacağını və bunun da nə ilə sonuclanacağını yaxşı anlayır.
Beynəlxalq təcrübə göstərir ki, vəziyyət pisləşməyə doğru getdikdə, çıxış yolu üçün təcili tədbirlər görmək əvəzinə, vaxtı uzatmağa çalışmaq nəticə vermir. Çünki zaman Azərbaycanın xeyirinə işləyir. Hər il bu balans Bakının xeyirinə daha çox dəyişir.
"Ermənistan min bir bəhanə ilə həmsədrlərin təklif etdiyi sülh planından yayınmağa çalışır". Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında son iki gündə cəbhə xəttində baş verən qarşıdurmalara münasibət bildirərkən deyib.
Ermənistanın sülh danışıqlarından sonra dəfələrlə cəbhə xəttində vəziyyəti gərginləşməyə çalışdıqlarını söyləyən millət vəkili qarşı tərəfin əsas məqsədinin Azərbaycanı ittiham etmək olduğunu qeyd edib: "Ermənistanın provakasiya xarakterli hərəkətləri birinci dəfə deyil ki, müşahidə edilir. Şübhəsiz ki, bu, onların dar düşüncəli olmasından irəli gəlir. Bu, həm də Ermənistan rəhbərliyinin ölkənin gələcəyini sual altına qoyması deməkdir. Lakin bu cür primitiv üsullar nə Azərbaycanı qorxutmaq, nə də öz torpaqlarını işğaldan tezliklə azad etmək yolundan döndərə biləcək.
Cəbhə xəttindəki qarşıdurmalardan sonra sülh danışıqlarında uzunmüddətli fasilə yaranması ehtimalına gəlincə, A.Mirzəzadə danışıqların ağır olsa da davam etdiyini bildirib: "Danışıqlarda Rusiyanın iradəsinin ortada olduğunu görürük. Rusiya prezidenti hakimiyyətdə olduğu 3 il müddətində problemin həlli ilə bağlı tərəfləri bir araya gətirə bilib.
Görünür, həmsədrlər, konkret olaraq, Rusiya problemin həllində maraqlıdır. Azərbaycanın gücü də, mövqeyi də ortadadır. Bu baxımdan, məsələnin həllində nəsə gözləməyə dəyər. Əgər Ermənistan gələcəkdə də provakasiya xarakterli addımlara əl atmasa, zəif templə də olsa, proses qabağa gedə bilər. Əksinə, Ermənistan cığal uşaq obrazında olmaqda davam edərsə, hesab edirəm ki, Azərbaycan onu yerində oturtmaq üçün müəyyən tədbirlər görməli olacaq".
Ermənistan prezidenti Serj Sarkisyanın qarşıdurmadan dərhal sonra Rusiya prezidenti Dmitri Medvedevlə görüşərək hadisə ilə bağlı onu məlumatlandırmasına və görüşdən sonra bəyanat verməsinə gəlincə, millət vəkili Medvedevin hər şeydən məlumatlı olduğunu söyləyib: "Medvedev çox yaxşı bilir ki, Ermənistan ordusunun böyük bir təxribat qrupunun qarşısını Azərbaycan Ordusunun bir neçə üzvü məharətlə alıb. Sarkisyanın verdiyi açıqlamalar, əslində, Ermənistan cəmiyyətinə istiqamətlənib və bunu Rusiya da gözəl bilir".
Ermənistanda iqtisadi, siyasi, sosial və hərbi sahələrdə sürətlə aşınmanın baş verdiyini dilə gətirən A.Mirzəzadə bunun səbəbinin ölkənin işğalçı siyasəti olduğunu vurğulayıb: "Hər il 70 min gənc ölkəni tərk edərək, xaricdə iş axtarmağa gedir. Keçən il Ermənistanın büdcəsi 50 faiz azalıb. Vəziyət o qədər pisdir ki, Dünya Bankından 60 milyon dollar borc istəyiblər. Halbuki bu, Azərbaycanın bir rayonunun büdcəsidir. Ermənistan rəhbərliyi də yaxşı bilir ki, belə bir vəziyyətin yaranmasında əsas səbəb Azərbaycan ərazisinin bir hissəsini işğal edərək, regiondakı bütün iqtisadi layihələrdən kənarda qalmasıdır".
Ümumiyyətlə, bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz.
Bu gün Azərbaycanın hərbi qüdrəti imkan verir ki, öz torpaqlarını güc yolu ilə azad etsin. Lakin Azərbaycan hər zaman münaqişənin dinc yolla həllinə tərəfdar olub. Ancaq bu variant heç vaxt istisna olunmayıb və ölkə Prezidenti bunu mütamadi olaraq bəyan edir.
Ali Baş Komandan bildirib ki, danışıqlarda qarşı tərəf problem yaradır: "Hələ ki, biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların vaxtuzatma cəhdləri davam edir. Onların beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə Ermənistan tərəfindən göstərilən bu cəhdlərə elə bil ki, bəraət qazandırılır. Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki beynəlxalq aləm öz qərarlarına, heç olmasa, hörmət etməlidir.
Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək. Sadəcə olaraq, onu qeyd etmək istəyirəm ki, bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır".