Xalq artisti Əlibaba Məmmədovun 80 illik yubileyi qeyd edilib
Dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Əlibaba Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Filarmoniyanın foyesində Ə.Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılmışdır.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın görkəmli sənətkarın 80 illik yubileyi və "İstiqlal" ordeni alması münasibətilə Ə.Məmmədova ünvanladığı təbrik məktubu oxunmuşdur. Məktubda Əlibaba Məmmədovun mədəniyyətimizin, musiqi sənətimizin, o cümlədən qədim muğam irsinin yaşaması, təbliği, muğam ifaçılıq məktəbinin inkişafı, yeni ifaçılar nəslinin yetişməsindəki əvəzsiz xidmətlərindən geniş bəhs edilmişdir.
Vurğulanmışdır ki, sənətkarın layiq görüldüyü fəxri adlar və çoxsaylı mükafatlar onun fəaliyyətinin nə qədər gərəkli olduğunu sübut edir.
Gecədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva, şair və tədqiqatçı hacı Əlamdar Mahir və başqaları çıxış edərək görkəmli xanəndənin xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti və xidmətləri olan ustad xanəndələrimizdən biri olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, bu sənətkarın adı çəkiləndə "Humayun" təsnifi yada düşür. Çünki bu təsnifin ən mahir ifaçısı məhz Əlibaba Məmmədov olmuşdur. Bu təsniflə geniş şöhrət tapan Ə.Məmmədov dövrünün çox novator sənətçilərindən olmaqla bərabər, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib fərqlənmişdir.
1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada yaradılmış "Humayun" ansamblının bədii rəhbəri və ilk solisti olan Əlibaba Məmmədovun sorağı daim müxtəlif bölgələrdən, hərbi hissələrdən və hospitallardan gəlmişdir.
Bildirilmişdir ki, Əlibaba Məmmədov uzun illərdir ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarla başqa xalq mahnıları, təsniflər Azərbaycan radiosunun "Qızıl fondu"nda saxlanmaqdadır.
Onun Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli sənətkarları sevərək ifa etmişlər.
Natiqlər xüsusi vurğulamışlar ki, bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Əlibaba Məmmədov "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Ömrünün ahıl çağını yaşayan Xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır. Gecədə musiqisi yubilyara məxsus "Söylə", "Baxdın maral kimi", "Gəl bizə yar", "Ağrıma ürəyim", "Bayatı-Qacar təsnifi" və digər mahnılar səslənmişdir. Bu mahnıları Əməkdar artist Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə Muğam Teatrının xalq çalğı alətləri ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər ifa etmişlər.