“Monitorinq” adı altında təxribatlar törədilib
Son günlər bir sıra mətbuat orqanlarında guya Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalaraq, təhqir olunması və döyülməsi barədə yanlış məlumatlar yayılıb. Həmin məlumatlarda "Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin və "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin əməkdaşları olan İlqar Nəsibovun, Vəfadar Eyvazovun və Elman Abbasovun dekabrın 15-də Naxçıvan Dövlət Universiteti ərazisində guya korrupsiya əleyhinə həyata keçirdikləri monitorinq zamanı zorakılığa məruz qaldıqları iddia olunur.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir. Nümayəndəlik bildirir ki, reallığı əks etdirməyən bu məlumatın yoxlanılmadan kütləvi informasiya vasitələrinə ötürülməsi maraqlı qüvvələrin yeni təxribatçılıq əməllərinin tərkib hissəsidir. "Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi" İctimai Birliyi kimi təqdim edilən mərkəz, eləcə də, RATİ (Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu) muxtar respublikada müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyərək, qanunsuz fəaliyyət göstərirlər. Onların dəfələrlə həyata keçirdikləri belə "tədqiqatlar", sadəcə olaraq, ictimaiyyətin çaşdırılmasına xidmət edir və dekabrın 14-15-də Naxçıvan Dövlət Universitetində aparılmasına cəhd göstərilən "monitorinq" də bunun daha bir ifadəsidir.
Monitorinqlərin keçirilməsi müəyyən qaydalara əsaslanır. Aydın olub ki, adıçəkilən şəxslər Naxçıvan Dövlət Universitetində "monitorinq" adı altında öz niyyətlərini gizli şəkildə həyata keçirməyə çalışıblar. Belə ki, dekabrın 14-də 4 nəfər naməlum şəxs özlərini təqdim etmədən tələbələrə yaxınlaşaraq, onlara müxtəlif vərəqələrə imza atmağı təklif ediblər. Tələbələr tərəfindən ciddi etiraz və sərt reaksiya ilə üzləşən həmin şəxslərdən universitet ərazisini tərk etmələri tələb olunub. Onlar təhqiramiz ifadələrlə universitet əməkdaşlarını və tələbələri təhqir edib, oradan uzaqlaşıblar.
Dekabrın 15-də həmin şəxslərdən 2-si yenə də universitet ərazisində peyda olub və "monitorinq" adı ilə təxribatçı hərəkətləri davam etdirib. Onlara universitet rəhbərliyindən rəsmi icazə alınmasının zəruri olduğu izah edilsə də, həmin şəxslər bundan imtina edib və bu tədbirin Norveçin Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirildiyini və keçirildiyini bildiriblər. Lakin onlara icazənin mütləq olması vacibliyi bildirilib və ərazidən çıxarılıblar. Bu şəxslərin müəyyən qruplar tərəfindən basqına məruz qalıb döyülməsi isə ağ yalandır. Yuxarıda qeyd olunanlar dekabrın 15-də informasiya vasitələrində yayılan məlumatın dezinformasiya olduğunu bir daha təsdiqləyir.
Tutduğu mövqeyi ilə Naxçıvanda bədnam olan, şəxsi evində Resurs Mərkəzinin ofisini yerləşdirən İlqar Nəsibovun və mərkəzin fəalı Vəfadar Eyvazovun praktikasında belə hallar birinci hadisə deyildir. Özlərinin naxçıvanlı olduğunu, bu torpağın nemətləri ilə yaşadıqlarını unudan, ağalarının pul kisəsi xatirinə hər şeyi satmağa hazır olan bu şəxslərin əməlləri işgüzar ali məktəb həyatında gərginlik yaratmağa yönəldilib. İlqar Nəsibov tələbələrə elə belə də demişdir: "Biz də vətənə xəyanət edərək pul qazanırıq".
Bir sıra informasiya orqanlarının hadisələri dərhal və yoxlanılmamış şəkildə işıqlandırması bunun əvvəlcədən planlaşdırıldığını və sağlam olmayan məqsədlərə xidmət etdiyini göstərir.