Vladimir Jirinovski yenə sərsəmlədi
Dünyanın siyasi səhnəsində elə şəxslər var ki, onlar çevrəsində olan insanların, bəzən isə təmsil etdikləri xalqlara yalnız utanc gətiriblər. Bu, onun verdiyi qərarlarla, açıqladığı fikirlərlə, səsləndirdiyi başıpozuq bəyanatlarla özünü göstərib. Həmin üzdəniraq siyasətçilərdən biri də RLDP sədri, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski olduğunu söyləsək, səhv etmərik. Daha doğrusu, bu yaramaz şəxsin adını üzdəniraq siyasətçilər arasında birincilərdən olduğunu qeyd etsək, hər kəs "doğrudur" deyər.
V.Jirinovski zaman-zaman xalqlara qarşı içində olan nifrətini nümayiş etdirən açıqlamaları ilə çıxış edib. Pribaltika respublikalarının xalqlarını qorxaqlar, zəiflər adlandıran RLDP sədri Moldavanı işğal etmək, Gürcüstanı qan gölünə çevirmək kimi sərsəm bəyanatlarla çıxış edib. Türklərə, azərbaycanlılara qarşı daha radikal sərsəmləmələrlə çıxış edən V.Jirinovski Moskvanı Türkiyəni və Azərbaycanı bombalamağa çağırıb.
Bir sözlə, siyasi fəaliyyətini məzhəkələr üzərində qurmağa çalışan yaramaz xislətli bu miskin az qala həyatını türklərə və azərbaycanlılara pisliklər etməyə həsr edib. Təbii ki, bu münasibətin obyektiv səbəbləri də var. Nədir bu səbəb? Qeyd etmək lazımdır ki, V.Jirinovski sovetlər birliyi dönəmində SSRİ-nin Ankaradakı səfirliyində çalışıb. Əxlaqsızlıq edib, diplomat adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə, Türkiyə hökuməti tərəfindən ölkədən çıxarılmışdır. Sonradan, yəni 1988-ci ildə Polşa Respublikasında ticarət əlaqələri quran zaman maxinasiyalara yol verib, dələduzluq etdiyinə görə, oradakı ortaqları olmuş türklər tərəfindən ciddi şəkildə cəzalandırılmışdır. Hətta yayılan informasiyalara görə, o zaman türk biznesmenləri V.Jirinovskinin başına, deyilməsi etik normalara sığmayan oyunlar gətirmişlər. Məhz bu və digər zərbələr V.Jirinovskini türklərə və azərbaycanlılara qarşı yaramaz fəaliyyət yolu tutmağa vadar etmişdir. Demək olar ki, V.Jirinovski türklərə və azərbaycanlılara qarşı səviyyəsinə uyğun açıqlamaları fonunda erməniləri müdafiə etməyə çalışıb. Elə bu günlər erməniləri müdafiə edən bəyanatı da onun növbəti oyunlarından olmuşdur.
V.Jirinovski Azərbaycanın işğal edilən ərazilərində qondarma "DQR" yaradan Ermənistanın mövqeyinin müdafiə edilməsinin vacibliyini bildirir. Rusiya KİV-lərinə verdiyi açıqlamasında RLDP sədri Rusiyanın Dnestryanı ərazini və "DQR"-i müstəqil dövlət kimi tanınmasının vacibliyini söyləyib: "Ermənilər bədbəxt və yazıq millətdilər. Hər zaman müharibə aparıblar, amma uduzublar. Onlar mövcudluqlarına görə, Rusiyaya borcludurlar. Hazırda Ermənistanda cəmi 1,5 milyon əhali yaşayır. Azərbaycanın 8, Türkiyənin isə 70 milyon əhalisi var. Rusiya Ermənistandan imtina etsə, bu iki dövlət Yerevanı məhv edər".
Bir sözlə, Rusiyanın özündə belə şoumen, təlxək imici qazanan yaramaz xislətli V.Jirinovski erməniləri özünəməxsus şəkildə müdafiə edir. Onları məzlum, yazıq xalq kimi təqdim etməklə, dünyada ermənilərin əzilən millət olduğunu göstərməyə çalışır.