Xalqımız növbəti seçkilərə - 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. Bu münasibətlə Azərbaycanın bütün bölgələrində hazırlıq işləri görülür. Yeni Azərbaycan Partiyası rayon təşkilatları da, həmişə olduğu kimi, növbəti bələdiyyə seçkilərində fəal iştirak etmək və qalib gəlmək üçün hazırlıq işləri aparır.
"Dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçki məsələsi dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur" fikirlərini bildirən Azərbaycanın seçki YAP Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər təşkilatının sədri Ələkbər Quliyev qanunvericiliyində mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularına uyğun olduğunu bildirdi. Ə.Quliyev onu da bildirdi ki, seçki məsələsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də təşkilatımız müəyyən işlər görür".
Ə.Quliyev söhbət zamanı təşkilatın və şəhər əhalisinin bəədiyyələrə etimadının yüksək səviyyədə olduğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə inteqrasiya yolunda və vətəndaş cəmiyyəti quruculuğunda bir sıra irəliləyişlər əldə edib: "Azərbaycanın Avropa Şurasına üzv olması, Avropa Birliyi ilə Fəaliyyət Planı imzalaması, Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramında iştirak etməsi, bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasına qoşulması və s. buna misal ola bilər. Azərbaycanın Qərbə inteqrasiyasında prioritet məsələlərdən biri ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planında müəyyən edilmiş on prioritet sahədən ikincisi "Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi"nə aiddir".
YAP Naxçıvan MR Naxçıvan şəhər təşkilatının sədri Ə.Quliyev ökəmizdə bu qurumun - bələdiyyənin fəaliyyətinin az müddət olduğunu qeyd edərək bildirdi ki, bu gün xalqımız bu seçkilərə də böyük fəallıqla qoşulurlar. Naxçıvan şəhəri üzrə 2 dairənin olduğunu deyən Ə.Quliyev bu dairələr üzrə 44 məntəqənin olduğunu bildirdi.
Ə.Quliyev YAP Mərkəzi Aparatından göndərilən Fəaliyyət Proqramına müvafiq olaraq təşkilatın Fəaliyyət Proqramının hazırlandığını, 15 nəfərdən ibarət yaradılmış qərargah üzləri arasında iş bölgüsü aparıldığını, 53 nəfərdən ibarət isə müşahidəçi müəyyən edildiyini bildirdi: "Artıq hamının konkret vəzifələri müəyyənləşdirilib. Onu da bildirim ki, hal-hazırda 48304 seçici qeydiyyata alınıb. Lakin bu, heç də dəqiq rəqəm deyil. Çünki seçicilərin siyahıları daim dəqiqləşdirilir. Eyni zamanda, seçkinin yüksək səviyyədə keçməsi və qərargahın işini canlandırmaq məqsədilə lazımi texniki avadanlıqlar, inventarlar alınmışdır".
YAP Naxçıvan MR Naxçıvan şəhər təşkilatının sədri, xüsusilə, bələdiyyələrdə qadınların və gənclərin rolunun artırılmasına daha çox üstünlük veriləcəyini də vurğuladı. Qeyd etdi ki, ölkəniin ictimai-siyasi həyatında qadınlarımız və gənclərimiz həmişə irəlidə olublar. Çünki Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçibdir. Bu da danılmaz həqiqətdir ki, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır. Məhz bunun nəticəsidir ki, müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm".
"YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolu olduqca böyükdür. Məhz bu baxımdan da xalq artıq özünün istək və arzularının bu güclü təşkilat tərəfindən tərənnümünə arxalanır" fikrini söyləyən YAP Naxçıvan MR Kəngərli rayon təşkilatının sədri Fazil Abbasov ölkəmizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil olunması üçün ən prinsipial vəzifələrin yerinə yetirildiyini vurğuladı: "Bu baxımdan da, ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində xalqımız yüksək fəallıq nümayiş etdirir. Çünki başa düşürlər ki, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ümummilli liderimiz Heydər Əliyevin ən layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir".
F.Abbasov ölkəmizin, hər yerində olduğu kimi, Naxçıvan MR-in Kəngərli rayonunda da keçirilmiş seçkilərin şəffaf və demokratik şəraitdə baş tutduğunu dedi: "Bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu istiqamətdə, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda təbliğ olunmaqdadır. Məhz bunun nəticəsidir ki, ötən prezident, parlament, bələdiyyə seçkilərini uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Bütün siyasi kampaniyalara məsuliyyətlə yanaşan, plana uyğun tədbirlər müəyyənləşdirməklə hazırlıq işlərini vahid proqram əsasında həyata keçirən YAP bələdiyyə seçkilərinə də ciddi hazırlıq görür. Xalqla yuxarı instansiyalar arasında körpü olan yerli özünüidaretmə orqanları respublikamızda yeni qurum olsa da, artıq müəyyən təcrübə əldə edilmişdir. Qeyd edim ki, bələdiyyələrin cəmiyyətdə rolu yüksək qiymətləndirilir. İnsanlar arasında nüfuzunun artırılması üçün əhəmiyyətli islahatlar aparılır. Bələdiyyələrin fəaliyyətini tənzimləyən, səlahiyyətlərini artıran müxtəlif qanunların qəbulu bu baxımdan əhəmiyyətlidir. Cari ilin mart ayında keçirilən referendumla ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdə bələdiyyələrin fəaliyyəti barədə də yeniliklərin edilməsi dövlətin yerli idarəetmə orqanına diqqətindən irəli gəlir".
YAP Naxçıvan MR Kəngərli rayon təşkilatının sədri F.Abbasov rayonda Babək-Kəngərli DSK-nın fəaliyyət göstərdiyini bildirdi: "Bütün siyasi kampaniyalarda fəal iştirak edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzv və fəalları bələdiyyə seçkilərinə də ciddi hazırlaşır. Bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 15 nəfərdən ibarət Seçki Qərargahı yaradılmış, əhatəli fəaliyyət proqramı hazırlanmışdır. Yeni Azərbaycan Partiyasının rayonu üzrə keçirilən ümumrayon tədbirində, ilk ərazi təşkilatlarında bələdiyyələrə seçkilərlə əlaqədar təşkil olunan yığıncaqlarda bu siyasi kampaniyanın da demokratiyanın tələblərinə uyğun keçirilməsi üçün tədbirlər müəyyənləşdirilmiş, bələdiyyələrin hüquqi statusları barədə söhbətlər təşkil olunmuşdur. İstəyimiz budur ki, əhali arasında böyük hörmət və nüfuza malik, ictimai işlərdə fəallıq göstərən rayon sakinləri, o cümlədən, qadınlar və gənclərimiz bələdiyyə üzvlüyünə layiq görülsünlər".
"Xalq arasında nüfuzu gündən-günə artan, üzvlərinin sayına görə fərqlənən Yeni Azərbaycan Partiyasına inamın artması bir daha onu deməyə əsas verir ki, iqtidar partiyası ölkənin ictimai-siyasi həyatında, demokratiyanın inkişafında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, fəallığı ilə seçilir". Bu fikirləri söyləyən YAP Naxçıvan MR Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov ölkədə aparılan uğurlu işlərdən danışdı. Qeyd edərək bildirdi ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrini bürümüş maliyyə böhranının ağır nəticələri ölkəmizdən yan keçdi: "Elə bu günlərdə ABŞ-ın böyük təşkilatı olan "Gallup"un keçirdiyi rəy sorğusu deyilənlərin məntiqi nəticəsidir. Belə ki, keçmiş sovetlər birliyi dövlətləri arasında beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan haqqında belə qürur doğuran rəylərin səslənməsi, ilk növbədə, xalqımızı, o cümlədən, bütün naxçıvanlıları sevindirir. "Gallup"un keçmiş sovetlər birliyi dövlətləri arasında ölkə başçılarına yerli əhalinin inam və etibarını öyrənmək məqsədilə keçirdiyi sorğuda Prezident İlham Əliyevin daha çox reytinq qazanması Azərbaycanda xalqla iqtidar birliyinin təsdiqi olmaqla Yeni Azərbaycan Partiyasına inamı da özündə əks etdirir. Ölkə miqyasında həyata keçirilən islahatların xalq tərəfindən yüksək qiymətləndirilməsini özündə əks etdirən və YAP-ın sədri, Prezident İlham Əliyevi reytinq cədvəlinin liderinə çevirən bu inamın əsaslı səbəbləri var. Rəyi soruşulanların 77 faizinin ölkə başçısına inamı bütünlükdə Azərbaycan xalqının dövlət başçısına etimadının parlaq təzahürüdür. Bir məsələni də qeyd etmək lazımdır ki, hələ bir neçə il bundan əvvəl "Gallup"un Cənubi Qafqaz ölkələri arasında keçirdiyi sorğuda da bölgə dövlətlərinə başçılıq edən həmkarlarını səs çoxluğu və qazandığı yüksək faizlə arxada qoyan cənab İlham Əliyev növbəti dəfə daha geniş miqyasda, MDB dövlətləri arasında xalq tərəfindən ən çox sevilən və dəstəklənən lider kimi etimad qazandı. Bu qələbə həm də milyonların partiyası adlandırılan YAP-ın, onun ətrafında birləşənlərin, bütünlükdə, xalqın yekdil rəyi kimi qiymətləndirilir".
R.Məmmədov ötən il Azərbaycanda keçirilmiş prezident seçkilərinin demokratik dəyərlərə ən böyük töhfələrindən biri kimi qiymətləndirildiyini də dedi: "Keçən ilin 15 oktyabrında keçirilən prezident seçkiləri və onun nəticəsi Azərbaycan xalqının iradəsinin ən yüksək göstəricisi idi. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin bu seçkidə ən yüksək göstərici əldə etməsi xalqın əvəzsiz sevgisi ilə əlaqəlidir. Bu ilin mart ayının 18-də keçirilən referendum aktında da Azərbaycan xalqı öz müdrikliyini və öz taleyinə biganə qalmadığını növbəti dəfə isbatlamış oldu. Qarşıdan gələn bələdiyyə seçkilərində də, respublikamızın hər yerində olduğu kimi, Naxçıvan MR-in Şahbuz rayonunda da ciddi hazırlıq işləri görülür. YAP rayon təşkilatı tərəfindən artıq bir sıra vacib addımlar da atılıb. Onu da qeyd edim ki, bələdiyyə qurumlarının kifayət qədər fəaliyyətinin olmaması ali təhsilin, mütəxəssislərin və qadınların sayının azlığı olub və bu məqsədlə silsilə tədbirlər keçirilib. Bu günə qədər keçirilmiş seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atılıb. Qeyd edim ki, rayon ərazisində 22 bələdiyyədə seçkilər keçiriləcək. 22772 nəfər əhalisi olan Şahbuzun 14071 nəfərə yaxın seçicisi 25 məntəqədə 166 nəfər bələdiyyə üzvünün seçilməsinə səs verəcəklər. Eyni zamanda, rayon ərazisində yerli özünüidarəetmə orqanlarında layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşəmələr aparılmaqdadır. Xüsusilə, seçki siyahılarının dəqiqləşdirilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinin də, digər seçkilər kimi, rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün ən zəruri və xırda detallara əməl edilir".
YAP Mərkəzi Aparatının tövsiyələrinə uyğun olaraq rayon təşkilatının idarə heyətinin toplantısının keçirildiyini bildirən R.Məmmədov avqustun 1-dən etibarən qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyən işlərə start verildiyini də nəzərə çatdırdı. Onu da bildirdi ki, YAP rayon təşkilatında qarşıdakı bələdiyyə seçkilərinə hazırlıqla bağlı geniş müzakirələr aparılır, təkliflər irəli sürülür. Müzakirələrdə, həmçinin, bələdiyyələrin fəaliyyətindəki nöqsanlardan, yaranan problemlərdən də danışılır: "Çünki bu gün edilən səhvin sabah təkərarlanmaması üçün nöqsanlar qeyd olunmalıdır. Ümumiyyətlə, bələdiyyələr özünü idarə edən qurum olduğu üçün buradakı insanlar da əhali tərəfindən seçilirlər".
R.Məmmədov seçkilərdə bələdiyyələrə seçilən insanlar arasında səriştəsiz, savadsız kadrların olması barədə məlumat verərək vurğuladı ki, onların fəaliyyətində bəzi nöqsanların yaranması müəyyən problemlərin meydana çıxmasına səbəb olur: "Bu səbəbdən də, növbəti seçim zamanı bu məsələlərə daha çox diqqət yetiriləcək. Ona görə də, çalışırıq ki, YAP rayon təşkilatı tərəfindən bu seçkilərə rayonda ən fəal, savadlı kadrlar cəlb olunsunlar".