PDF Oxu

Xəbərlər

  • 7

Ermənilər əsrlər boyu xalqımıza qarşı soyqırım həyata keçiriblər

Ermənilər əsrlər boyu xalqımıza qarşı soyqırım həyata keçiriblər

Məlum olduğu kimi, 31 mart - Azərbaycan xalqının soyqırım günüdür. Belə ki, 1918-ci ildə ermənilər Bakıda, Qubada və ölkəmizin digər ərazilərində günahsız xalqımıza qarşı vəhşiliklər törədiblər. Digər təəssüfləndirici hadisə isə türk dünyasının əbədi düşməni olan Ermənistanla qardaş Türkiyənin sərhədi açmaq qərarıdır.

Cümşüd Nuriyev,
politoloq:

- 31 mart Azərbaycan xalqının hüzn günlərindən biridir. 91 il öncə bədnam qonşumuz olan ermənilər bir çox bölgələrimizdə vəhşiliklər törədiblər, evləri yandırıblar. Bir sözlə, xalqımıza qarşı amansızlıqlar törədiblər. Ermənilər zaman-zaman ölkəmizdə müxtəlif terror hadisələri, soyqırımlar həyata keçiriblər ki, 31 mart soyqırımı da belə vəhşiliklərdən biridir. Bu soyqırıma yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə hüquqi-siyasi qiymət verildi. Ancaq təəssüflər olsun ki, Heydər Əliyev Fondundan başqa, heç bir təşkilat ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri dünya ictimaiyyətinin nəzərinə lazımınca çatdıra bilməyib. Bu, özü də təəssüfləndirici haldır.
Türkiyənin hazırkı hakimiyyəti olan AKP hakimiyyəti bütün türk dünyasının əbədi düşməni olan Ermənistanla sərhədi açmaq qərarına gəlib. Qərbin diqtəsi ilə hərəkət edən AKP hökuməti bu çirkin siyasəti ilə öz vətəndaşlarını da narazı salıb. Türk xalqı da sərhədlərin açılmasının, Ermənistanla münasibətlərin qurulmasının əleyhinədir.

Rafael Hüseynov,
tarixçi:

- Mən bir tarixçi olaraq, istərdim ki, bu soyqırıma tarixi nöqteyi-nəzərdən yanaşım. Belə ki, Azərbaycan xalqı hər zaman ermənilərin təcavüzünə məruz qalıb. Minlərlə soydaşımız həlak olub və itkin düşüb. 31 mart soyqırımında 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On mindən artıq insan itkin düşüb. Lakin Bakıda, Qubada və Lənkəranda ölən azərbaycanlıların sayı isə 50 mindən artıqdır. Bu soyqırım hadisəsi martın 30-dan aprelin 3-nə qədər Bakıda davam edib. Qeyd olunan soyqırıma ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi qiymət verildi. Belə ki, onun 26 mart 1998-ci il sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Çox təəssüflər olsun ki, türklərə qarşı hər zaman düşmən mövqedə olan ermənilərlə Türkiyə hökuməti əlaqələri qurmaq qərarına gəlib. Nəzərə almaq lazımdır ki, ermənilər tək azərbaycanlılara qarşı deyil, eləcə də, osmanlı türklərinə qarşı da müxtəlif soyqırımlar, terror aktları həyata keçiriblər. Bunları nəzərə almayan AKP hökuməti apreldə Ermənistanla sərhədlərin açılması niyyətindədir. Düşünürəm ki, bu hadisəyə Türkiyə daxilində də müəyyən etirazlar olacaq. Çünki adıçəkilən ölkənin hakimiyyətinin atdığı bu addım Türkiyə vətəndaşlarının da ciddi narazılığına səbəb olub. Türkiyə 1993-cü ildən Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədi bağlamış, diplomatik münasibətləri kəsmişdir. Lakin hazırda Türkiyə hökumətinin erməni sevdası onu deməyə əsas verir ki, adıçəkilən ölkənin hakimiyyət başında oturan nümayəndələri Ermənistanla münasibətlərin qurulmasını Azərbaycan xalqının qardaşlığından üstün tuturlar.

Digər xəbərlər