7 nəfər təhsilini başa vuraraq vətənə qayıdıb
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı gənclərdən 7 nəfəri təhsilini uğurla başa vuraraq Vətənə qayıdıb, onların bir neçəsi artıq ixtisaslarına uyğun işlə təmin olunub. Təhsil Nazirliyinin verdiyi məlumatına görə, Dövlət Proqramı çərçivəsində son 2 ildə iki yüzədək azərbaycanlı gənc Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Koreya Respublikası, İsveç, Niderland, İspaniya, Kanada və digər ölkələrə oxumağa göndərilib. Həmin gənclər təhsilin bakalavr, magistratura, doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, informasiya-kommunukasiya texnologiyaları və digər ixtisaslar üzrə təhsil alırlar. Artıq proqram çərçivəsində ilk məzunlar - 7 nəfər təhsilini uğurla başa vuraraq Azərbaycana qayıdıb.
Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə xidməti arasında əməkdaşlıq davam etdirilir. Növbəti illərdə daha artıq sayda gənc Almaniyaya lazımi ixtisaslar üzrə təhsil almağa göndəriləcək. Proqram çərçivəsində Kanadaya tələbələrin göndərilməsi üçün Kanada Universitetlər və Kolleclər Assosiasiyasının Bakıda olan nümayəndələri ilə danışıqlar aparılıb, Təhsil Nazirliyi ilə bu qurum arasında müqavilənin imzalanması razılaşdırılıb. Artıq nazirlikdə bu qurumun təqdim etdiyi layihəyə baxılır. Amerikaya təhsil almağa göndərilən magistrlərin təqaüdlərinin idarə olunması üçün isə əlavə bir anlaşma memorandumunun imzalanması planlaşdırılır.