PDF Oxu

Xəbərlər

  • 61

Milli Qurtuluş Günü münasibətilə Nehrəm kəndində tədbir keçirilmişdir

Milli Qurtuluş Günü münasibətilə Nehrəm kəndində tədbir keçirilmişdir

Babək Rayon İcra Hakimiyyəti tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Nehrəm kəndində tədbir keçirilmişdir. Tədbirdə kənddə fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işçiləri, o cümlədən kənd sakinləri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, "Kənd mərkəzi"nin iclas zalında keçirilən tədbirdə bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində qalan Azərbaycanın xilas yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi, siyasi, sosial inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Naxçıvan Muxtar Respublikasının (MR) əməkdar müəllimi Kifayət Məmmədova dövlətçiliyimizin müasir tarixi üçün əlamətdar olan 15 İyun - Milli Qurtuluş Gününün mahiyyət və əhəmiyyəti barədə danışaraq bildirmişdir ki, Milli Qurtuluş günü kimi qeyd olunan bu tarix həqiqətən bir xalqın azadlığa qovuşması ilə əlamətdardır. Ölkəsini inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltmək istiqamətində Heydər Əliyevin göstərdiyi fəaliyyət barəsində danışmaq üçün illər lazımdır. Çünki ulu öndərin hər iş günü, həyatının hər saatı Azərbaycanın gələcəyi naminə hesablanmış ideyalarla zəngin idi.

Naxçıvan MR əməkdar həkimi Hüseyn Niftəliyev çıxışında demişdir ki, Azərbaycan qazandığı müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə dayandığı bir zamanda hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtaran xilaskar kimi xalqın imdadına çatmışdır. Heydər Əliyevin çox mürəkkəb bir dövrə təsadüf edən hakimiyyətə qayıdışı taleyüklü problemlərin həlli üçün dönüş nöqtəsi olmuşdur.

Naxçıvan MR əməkdar mədəniyyət işçisi Akif Hacıyev və kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov çıxış edərək ulu öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışmış, ümummilli liderin dövlət, tarix, cəmiyyət üçün müdrik zəka sahibi olduğunu bildirmişlər.

Yalnız yaşadığı dövr üçün xarakterik olan vəzifələri deyil, bir neçə on illər üçün inkişaf strategiyasını planlaşdıran dahilər liderlik adına layiqdirlər. Ümummilli lider Heydər Əliyev tarixdə özünəməxsus səhifə yaradan, dünya şöhrətli korifeylər sırasında fərqlənən belə liderlərdəndir.

Çıxışlardan sonra ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.

AzərTAc

Digər xəbərlər