Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyindən AzərTAc-a verilən xəbərə görə, 2012-ci il iyunun 18-də Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi səviyyəsində Azərbaycan ilə növbəti siyasi dialoq görüşü keçirilmişdir. İclasda Azərbaycanı Avropa İttifaqı yanında nümayəndə, səfir Emin Eyyubov təmsil etmişdir.
Avropa İttifaqını isə Siyasi və Təhlükəsizlik Komitəsinin sədri səfir Olaf Skooq və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təmsil etmişlər.
O.Skooq Azərbaycanın qlobal və regional miqyasda böyük əhəmiyyətə malik olduğunu, Aİ-nin Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini və Aİ üzvü olan ölkələrin Azərbaycan ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.
Səfir Emin Eyyubov Aİ nümayəndələrinə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında geniş məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin və bu prosesdə Aİ-nin qəti mövqedən çıxış etməsinin vacibliyini vurğulamışdır.
F.Lefort Aİ-nin münaqişənin nizamlanmaması ilə bağlı Azərbaycanın narahatçılığını paylaşdığını və nizamlanma prosesinə töhfə verməyə hazır olduğunu bildirmişdir.
İclas çərçivəsində səfir Emin Eyyubov Azərbaycanda aparılan siyasi və sosial-iqtisadi islahatlar haqqında ümumi məlumat təqdim etmiş, Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspekrivləri müzakirə olunmuşdur.
Rəsmi iclasla yanaşı digər Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə birgə işçi nahar təşkil edilmişdir. Nahar zamanı regional proseslər, terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
yap.org.az