PDF Oxu

Xəbərlər

  • 72

AMEA Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanıb

AMEA Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanıb

Dünən Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkoloq-alim, tarix elmləri doktoru, professor Giuli Alasaniya və məşhur Liviya ictimai xadim və alimi, doktor Fəridə Alaki ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələrindən söz açıb. Qonaqlara rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verən G.Baxşəliyeva burada aparılan əhəmiyyətli elmi-tədqiqatlar, xüsusən də, türkologiya və ərəbşünaslıq sahəsində görülən işlər, çap olunan yüzlərlə kitablardan bəhs edib. İki ölkə arasındakı elmi əlaqələri diqqətə çəkən alim Gürcüstanda müdafiə etmiş şərqşünas alimlərimiz haqqında da qonaqları məlumatlandırıb.

Sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə özəl Gürcüstan Universiteti arasında memorandum imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Gürcüstan tərəfindən özəl Gürcüstan Universitetinin təsisçisi Giuli Alasaniya imzalayıb.

Görüş zamanı professor Giuli Alasaniya Gürcüstandakı elmin hazırkı vəziyyəti, əldə edilən nailiyyətlərdən, o cümlədən, şərqşünaslıq sahəsində görülən işlərdən danışıb. G.Alasaniya, müstəqillik illərində ölkəsində bir çox sahələrdə olduğu kimi, elmdə də tənəzzül olduğunu, son illərdə vəziyyətin stabilləşərək, inkişafa doğru irəlilədiyini bildirib. O, Gürcüstanda 70-ə yaxın ali məktəbin fəaliyyət göstərdiyini, onlarda elmi-tədqiqat işlərinin geniş aparıldığını qeyd edib. Görüşdə çıxış edən liviyalı alim Fəridə Alaki təhsilin və elmin hər bir xalqın gələcəyində mühüm rol oynadığını söyləyərək, ölkəsində son zamanlar baş verən hadisələrdən söz açıb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun "Din və ictimai fikir tarixi" şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov çıxış edərək, Azərbaycan və Gürcüstan şərqşünaslarının əlaqələri, birgə konfranslarda iştirakları, institutun türkoloji fəaliyyətindən söz açıblar.

Görüşün sonunda çıxış edən G.Alasaniya şərqşünas həmkarları ilə görüşündən çox məmnun olduğunu vurğulayıb.


NƏZAKƏT

Digər xəbərlər