Dünən Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Modern.az saytının ofisində 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan 5 abituriyentin millət vəkilləri və jurnalistlərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan PJB-nin sədri Elşad Eyvazlı rekord nəticə göstərən abituriyentləri təbrik edib və bildirib ki, bu, gələcək təhsil illərində həmin tələbələrdə arxayınçılıq yaratmamalıdır. Onun sözlərinə görə, sözügedən tələbələr, eləcə də, tələbə adını qazanmış digər abituriyentlər növbəti təhsil mərhələsində ali məktəblərə qəbul zamanı qazandıqları nəticələrdən daha artıq nəticələrə nail olmağı qarşılarına məqsəd qoymalı və buna nail olmağı bacarmalıdırlar.
Daha sonra çıxış edən millət vəkili Sahibə Qafarova bir müəllim və ana kimi gələcək tələbələrə öz tövsiyələrini verib. O bildirib ki, 700 bal toplamış 5 gəncin həm Azərbaycanda, həm də xaricdə təhsil almaq seçimləri var: "Hesab edirəm ki, bu nəticələr məntiqli nəticələrdir. Çünki Azərbaycan dövləti bunun üçün onlara şərait yaradır, təhsilə böyük diqqət, qayğı göstərir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, onlar dünyanın harasında olurlarsa-olsunlar Qarabağı heç vaxt unutmasınlar".
Millət vəkili Rövşən Rzayev isə onlara daim başqa ölkələrdə də Azərbaycanın ərazi bütövlüyünü təbliğ etməyi məsləhət görüb. Millət vəkili Fuad Muradov da çıxışında Prezident İlham Əliyevin təhsilimizə olan diqqət və qayğısından danışıb. F.Muradov bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün gənclərə diqqət xeyli artıb: "Dövlətin sizdən istəyi odur ki, hər zaman belə təhsilli, savadlı gənclərimiz olsun. Mənim isə ən əsas xahişim odur ki, dövlətçiliyimizi, Azərbaycan vətəndaşı olmağınızı göz önünə alasınız".
Qeyd edək ki, II qrup üzrə iki nəfər Qazax rayonunun Ürkməzli kənd sakini Orxan Səfərov, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı, III qrup üzrə Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrup üzrə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayaraq, bu il ən yüksək nəticə göstəriblər.
Tədbirdə çıxış edən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu dəvət üçün təşəkkür edərək, bildirib ki, o öz tələblərindən daha çox qaxazlı abituriyentin uğuruna sevinib: "Kənd məktəblərindən belə savadlı gənclərin çıxması sevindirici haldır. Keçən il Şəki rayonunda da belə bir hadisə olmuşdu. Təbii ki, 700 bal toplamaq çətin bir işdir. Amma ən əsası odur ki, dövlətin dəyərlərini qoruyub saxlayasan, dövlətə layiqli bir gənc olaraq yetişəsən. Harada oxuyursansa oxu, əsas odur ki, sonda öz dövlətinə xidmət edəsən".
Tədbirin sonunda 700 bal toplayan hər bir abituriyentə hədiyyə və mükafatlar təqdim olunub. Orta Doğu Texniki Universitetinin xarici əlaqələr şöbəsinin nümayəndəsi Maksim Zayed də, öz növbəsində, gələcək tələbələri bu yüksək adı qazanmaları münasibəti ilə təbrik edib və onlara hədiyyələr verib.
R.Hüseynova