Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının İdarə Heyətinin üzvü, DSMF-nin sədri Səlim Müslümov müstəqilliyimizin ilk illərində ölkədə baş verən ictimai-siyasi prosesləri xatırladaraq vurğulayıb ki, həmin dövrdə xarici qüvvələrin təzyiqi və daxili hakimiyyət çəkişmələri Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması zamanın tələbi idi və ümummilli lider Heydər Əliyev xalqın istək və arzularına uyğun olaraq yeni bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaradılmasını reallığa çevirdi. S.Müslümov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən o dövrün haqsızlıqlarına sinə gərərək öz sivil mübarizə metodları ilə mübariz təşkilat kimi formalaşmağa başlayıb, xalqın partiyası adını qazanıb. İlk gündən mühüm addımlar atan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına nail olub: "Ulu öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan Yeni Azərbaycan Partiyası xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib. Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib". DSMF sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün uğurla davam etdirilir və bu gün Azərbaycan dövləti dünya dövlətləri arasında özünməxsus yer tutur: "Hazırda üzvlərinin sayı 600 minə yaxınlaşan Yeni Azərbaycan Partiyasının hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Hazırda ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan daha da güclənməkdə davam edir".
Toplantıda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Bakı Metropolitenin rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov və başqaları çıxış etdilər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına görə və partiyanın 20 illiyi münasibətilə YAP Yasamal rayon təşkilatının bir neçə fəal üzvünə fəxri fərmanlar verilib.
Daha sonra ssenari müəllifi Aqil Abbas olan "Dolu" bədii filmi nümayiş etdirilib. Film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir.
yap.org.az