"Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Hər iki namizədə həyata keçirdikləri seçki kampaniyasının bəhrəsini görməyi arzu edirik. Amma iksindən biri seçilməlidir - biz kimə nə arzu etməyimizdən asılı olmayaraq, Amerika xalqı öz taleyini həll edəcək, iki şəxsdən biri seçiləcək". Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlq edir. "Xüsusən beynəlxalq sülhyaratma proseslərində biz ABŞ-la dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edirik, o cümlədən beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə biz ABŞ-la əməkdaşlıq edirik", - deyə Əli Həsənov bildirib.
yap.org.az