"Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 7 il ərzində Müdafiə Sənayesi Nazirliyində 45 istehsal sahəsi yaradılıb və hazırda 700-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur". Bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Y.Camalov qeyd edib ki, mövcud bazadan istifadə etməklə mülki təyinatlı məhsulların istehsalı istiqamətində də müəyyən nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, bu gün 400-dən artıq çeşiddə mülki təyinatlı məhsullar istehsal olunur.
"Müdafiə Sənayesi Nazirliyi 10 dəfə müdafiə təyinatlı məhsulların beynəlxalq sərgisində iştirak edib. Axırıncı iştirak etdiyimiz sərgi İndoneziyanın paytaxtı Cakarta şəhərində olub. Burada 125 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirmişik. Burada dünyanın aparıcı şirkətlərindən və firmalarından çoxları Azərbaycanda istehsal olunan məhsullara maraq göstərib və əməkdaşlıq istiqamətində müəyyən razılaşmalar əldə olunub" - deyə, nazir vurğulayıb.
yap.org.az