Xəbər verildiyi kimi, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində Prezident Barak Obama Administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı məsələsinə yönəltmək məqsədi ilə petisiya yerləşdirilmişdir. Petisiyanın əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ Ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100 min imza toplamaq lazımdır. Petisiyada deyilir: "Dağlıq Qarabağ münaqişəsi XX əsrin tarixində ən dəhşətli faciələrdən birinə çevrilmişdir və milyonlarla azərbaycanlının taleyinə mənfi təsir göstərmişdir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ və 7 ətraf rayon işğal edilmiş, bir milyona yaxın azərbaycanlı doğma torpağından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurası ermənilərin bu torpaqları tərk etməsinə dair 4 qətnamə qəbul etmişdir. Lakin bu qətnamələrin heç birinə Ermənistan əməl etməmişdir. ABŞ Minsk qrupunun həmsədridir və bu münaqişənin həll edilməsində fəal rol oynamalıdır". Dünya Azərbaycanlı Gənclər Birliyindən AzərTAc-a bildirmişlər ki, kampaniyada iştirak şərtləri aşağıdakılardır: "Biz xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən öncə, "İştirak şərtlərini" oxumaq, qəbul edilmiş qayda və təlimatlara riayət etməyə əmin olmaq lazımdır. Kampaniya Ağ Ev ilə əlaqə vasitələrinə məhdudiyyət qoymur, poçt və elektron poçt imkanlarını da istisna etmir. Əvvəlcə www.whitehouse.gov ünvanına daxil olmaq, səhifədə yer alan "We the People" bölməsində "Dağlıq Qarabağ münaqişəsi" ilə əlaqədar 2013-cü il 23 yanvar tarixində yaradılmış petisiyanı tapmaq lazımdır ("pay close attention on The Nagorno-Karabakh conflict, 20% of Azerbaijani territory was occupied by Armenian military"). https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt Mövcud petisiyanı imzalamaq üçün e-mail ünvanından istifadə edərək səhifədə yeni hesab yaratmaq tələb olunur. Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq. Bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır. Bölmədə göstərilən "zip" xanasını boş qoymaq da mümkündür. Qeydiyyat başa çatdıqdan sonra Ağ Evin rəsmi saytından istifadəçinin e-mail ünvanına təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır. E-mail ünvanına gələn məktubdakı linkə keçid verərək daxil olmaq da mümkündür. "Log in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir. Şəxsi hesabınızda göstərilən "SIGN THIS PETITION" (Bu ərizəni imzala) düyməsini sıxaraq petisiyanı imzalamaq mümkündür. Hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan kompyuterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaqdır. 2013-cü yanvarın 23-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunmuş və elektron imzaların sayı artıq 70 mini keçmişdir. Son üç günün statistik göstəricilərinə nəzər salsaq görərik ki, fevralın 10—da 6013 imza, fevralın 11-də 10 min 470 imza, fevralın 12-də 10 min 591 imza toplanmışdır. Bu günə olan məlumata görə, hazırda imzaların ümumi sayı 74 mindən çoxdur.
yap.org.az