PDF Oxu

Xəbərlər

  • 56

Əli Əhmədov: “Azərbaycanda ən müasir dünyagörüşünə malik olan sağlam gənc nəsil yetişib”

Əli Əhmədov: “Azərbaycanda ən müasir dünyagörüşünə malik olan sağlam gənc nəsil yetişib”

Yeni Azərbaycan Partiyasının (YAP) gənclərlə bağlı siyasəti onların böyük potensialından ən faydalı şəkildə istifadə etməyə yönəlmişdir. Partiyanın sıralarında olan 200 mindən artıq Azərbaycan gənci bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin reallaşmasına öz töhfəsini, dəstəyini verir. Güman edirəm ki, bu dəstək kifayət qədər yüksəkdir. Azərbaycanda geniş təhsil almış, ən müasir dünyagörüşünə malik olan gənc nəsil yetişmişdir. Onları yüksək vətənpərvərlik, sağlam dünyagörüşü fərqləndirir.

AzərTAc xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün "Qış məktəbi"ndə iştirak edən partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir. Ə.Əhmədov bildirmişdir ki, YAP Gənclər Birliyinin ənənəvi olaraq gənclər üçün təşkil etdiyi yay və qış məktəblərində onlar həm istirahət edir, həm də gənclik üçün aktual olan məsələlərlə bağlı müzakirələr aparırlar. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizdə gənc nəslin qayğısız böyüməsi üçün lazım olan bütün imkan və şəraiti yaratmışdır. Azərbaycan gəncliyi təhsil alır, müxtəlif sahələrdə çalışır, dinc və əmin-amanlıq şəraitində rahat yaşayırlar. Onlar, eyni zamanda, istirahət etmək üçün hər cür imkanlara malikdirlər. Gənclərlə görüşümüzdən gəldiyimiz qənaət ondan ibarətdir ki, gənclərin əksəriyyəti qarşıdan gələn prezident seçkilərində birmənalı şəkildə partiyamızın sədrinin namizədliyini dəstəkləmək niyyətindədirlər. Biz inanırıq ki, YAP gəncləri partiyanın seçki kampaniyasının keçirilməsində də yaxından iştirak edəcəklər. Bu gün çox yüksək keyfiyyətləri, milli mənəvi və bəşəri dəyərləri özündə birləşdirən, müasir dünyagörüşünə malik gənclərimiz formalaşmışdır. Bu gənclər Azərbaycanın gələcəyidirlər. İnanırıq ki, bu cür gəncliyə sahib ölkənin inkişafı da parlaq olacaqdır.

Digər xəbərlər