"Ermənistanda keçirilən seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin məntiqi təəccüb doğurur. Azərbaycanda seçki keçiriləndə ATƏT-in nümayəndələri bir neçə ay gəlib müşahidə aparmaqla məşğul olurlar. Amma işğalçı dövlətə saxta seçkilər fonunda çox yumşaq münasibət göstərirlər". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
"ATƏT-in müşahidə missiyası ölkəmizdə seçkilərlə bağlı bir neçə bəyanat verir. Bunların birincisi seçkiöncəsi situasiya ilə bağlı, ikincisi səsvermə günü, üçüncüsü ilkin rəy, sonuncusu isə seçkilərdən bir neçə ay sonra verilir. Amma işğalçı Ermənistana münasibətdə isə bunu etmirlər. Hamıya məlumdur ki, Ermənistan saxta seçkilər oldu. Bu prosesdə namizədlərə normal təbliğat imkanı verilməyib, onlara qarşı sui-qəsd törədilib, kriminal qruplar seçki prosesinə müdaxilə edib və s. Amma Avropa Şurasının, ATƏT nümayəndələri bütün bunlara münasibət bildirmədilər. ABŞ-ın nümayəndələri isə səsvermənin "mürəkkəbi qurumamış" seçkilərin yaxşı keçməsi haqqında bəyanat verdilər. Rusiyanın mövqeyi aydındır və başa düşürük ki, bu dövlətin həmin seçkiyə münasibəti ayrı cür ola bilməz. Bəs özlərini demokraik dövlətlər və cəmiyyətlər adlandıranlar saxta seçkiləri niyə belə qiymətləndirirlər? Ermənistan seçiciləri saxtakarlıqlara kameraya çəkib göstərsələr də, beynəlxalq müşahidəçilər buna münasibət bildirmirlər. Bütün bunlar göstərir ki, beynəlxalq aləmdə ölkələrə ikili standartlarla yanaşılır. Biz bu faktları gələcəkdə nəzərə almalıyıq"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
yap.org.az