"Tariximizin qara səhifəsi olan Xocalı faciəsinin dünya miqyasında tanınması üçün görülən işlər ildən-ilə genişlənir. Prezident İlham Əliyevin xarici siyasətinin təntənəsi kimi deyə bilərik ki, bir çox ölkələrin 40-50 ildə keçdiyi yolu biz çox qısa zamanda sürətlə keçirik". Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov xatırladıb ki, Xocalı soyqırımı ilk olaraq Pakistan, Meksika və Kolumbiya parlamentləri tərəfindən tanınıb. Onun sözlərinə görə, artıq ABŞ-ın 7 ştatı da Xocalı qətliamını tanıyıb. Bundan başqa son vaxtlar Avropanın bir sıra ölkələri, Bosniya və Herseqovina parlamentində səs çoxluğu haqqında müvafiq qətnamə qəbul edilib. Eləcə də, Çexiya, Ruminiya, Serbiya parlamentlərində də Xocalı soyqırımı anılıb.
"Bütün bunlar Azərbaycanın xarici siyasətinin təntənəsidir. Bu bir daha sübut edir ki, Azərbaycan həqiqətlərini, Xocalı soyqrımını dünyada tanıtmaq istiqamətində yüksək səviyyədə iş aparılır. Bu işdə zəhməti olan bütün insanlara təşəkkür edirəm. Əminəm ki, Azərbaycan həqiqətləri ildən ilə özünü dünyada daha çox tanıtdıracaq və qəbul olunacaq"- deyə, spiker vurğulayıb.
O.Əsədov Xocalı faciəsi ilə bağlı qərarlar qəbul edən ölkələrin parlament rəhbərlərinə təşəkkür məktubunun göndəriləcəyini də bildirib.
yap.org.az