Kaliforniyanın "North Hollywood and Toluca Lake Partch" qəzetinin məlumatına görə, hüquq mühafizə orqanlarının nümayəndələri San Fernando Veli şəhərində səkkiz cinayətkardan altısını həbs etmişlər. Quldur dəstəsinin bütün üzvləri milliyyətcə ermənidir. Cinayətkarlar şəxsi məlumatların oğurlanmasında və daha sonra həmin məlumatlardan 10 milyon dollar həcmində vergilərin qaytarılması ilə bağlı saxta tələb irəli sürərək (federal vergilərin qaytarılması hər il ABŞ-ın vergi xidməti tərəfindən icra edilir) Federal Vergi Xidmətinin qarət edilməsində istifadədə günahlandırılırlar.
Los-Anceles federal məhkəməsinə təqdim edilmiş 132 bəndən ibarət ittiham aktına əsasən, quldur dəstəsinin üzvləri 2000 adamın məlumatlarını əldə etmişlər. Bu məlumatların əksəriyyəti federal vergilərin qaytarılmasından bir neçə il istifadə etməmiş təqaüdçülərdən və qocalar evlərinin sakinlərindən oğurlanmışdır. Dairə prokurorluğunun məlumatına görə, müqəssirlər daha sonra qocalardan və evsiz-eşiksizlərdən oğurlanmış məlumatlardan istifadə edərək, vergilərin qaytarılması üçün ABŞ-ın Vergilər Xidmətinə saxta sənədlər təqdim etmişlər. İstintaqın rəhbəri Riçard Beber bildirmişdir ki, bu adamlar Birləşmiş Ştatların vergi sisteminə həyasızcasına hörmətsizlik göstərmiş və qurbanlarına çox böyük zərər vurmuşlar.
Hüquq mühafizə orqanlarının məlumatına görə, Nort Hollivud şəhərindən Aşot Karapetyan (47 yaş) və Suren "Sanni" Qəmbəryan (33 yaş), Van Nuys şəhərindən Artak "Maks" Bərbəryan (33 yaş) və Armen "Roman" Bərbəryan (33 yaş), San Nuys şəhərindən Vigen "Vik" Sasuryan (47 yaş), Qranada Hils şəhərindən Arman Zərgəryan (30 yaş) həbs olunmuşlar. Cinayətkarlardan ikisi- Silmar şəhərindən Akop "Cek" Kantrdzyan və Vinetka şəhərindən Devid "Malış" Samsonyan (31 yaş) aradan çıxmışdır.
AzərTAc