"Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində 2023-cü ilə qədər, yəni antiterror əməliyyatına qədər addım-addım irəlilədi və ilkin baza və bünövrə diplomatik, siyasi, iqtisadi münasibətlər zəminində formalaşdı. Bunu həm də Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatıda adlandırmaq olar". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, Azərbaycanın diplomatik uğurları 1993-cü ildən başlayaraq Azərbaycanın xarici ölkələrlə, dünyanın böyük gücləri ilə münasibətləri ən yüksək səviyyəyə qaldırılmasına gətirib çıxardı. Bu proses Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırdı. Sonradan isə bölgənin və dünyanın maddi baxımından, maliyyə baxımından güclü ölkələri ilə birləşdi: "Təbii ki, bu prosesdə Azərbaycanın ordusunun, Silahlı Qüvvələrinin güclənməsi ilə davam etdi və paralel olaraq Azərbaycan xalqı Silahlı Qüvvələrinin güclənməsi prosesində iştirak etdi və dövlətin bu istiqamətdəki siyasətinə öz dəstəyini verdi. Təbii ki, bunların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan ərazilərin, bölgələrin azad olunması məqsədi daşıyırdı.Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bu cür problemləri həll etmiş oldu. Biz görürük ki, Azərbaycanın xarici siyasi ritorikası tamamilə fərqli formadadır. Açıq şəkildə biz öz mövqeyimizi deyə bilirik, konkretləşdirə bilirik. Artıq siyasi manevrlərə ehtiyac yoxdur və ölkənin iqtisadi inkişafına zəmin yaradan bütün istiqamətli addımlar həyata keçirilir.2020-ci ildə Vətən Müharibəsində qazanılan uğurlar, qələbə də məhz bu 1993-cü ildən başlayaraq addım-addım irəliləyən prosesin məntiqi davamı idi. Nəhayət 2023-cü ilin sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünün tam olunması, daha doğrusu separatçı quruluşun, separatçıların, terrorçuların, terrorçulardan təmizlənməsi — bu, Azərbaycan xalqının son 200 ildə əldə etmək istədiyi qələbə idi ki, nəhayət Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, onun komandası ilə bu proses yekunlaşdı.
Ümumiyyətlə, 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatı nəyi dəyişdi?
1. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa elədi.
2. Separatizm ocaqları tamamilə ləğv olundu.
3. Terrorçular sıradan çıxarıldı, zərərsizləşdirildi.
4. Azərbaycana və azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin bir qismi həbs olundu.
5. Ardınca həmin ərazilərin inkişaf mərhələsi başlandı.
Azərbaycan faktik olaraq bu gün dövrünün ən inkişaf etmiş, ən çevikləşmiş və güclü siyasi mövqeyə malik olan ölkə dövrünü yaşayır. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi və bu gün də həmin inkişaf prosesi davam edir. Yəni, antiterror əməliyyatı və Azərbaycan ərazilərinin tam olaraq ərazi bütövlüyünün həyata keçirilməsi, reallaşdırılması Azərbaycanın xarici siyasətində, diplomatik münasibətlərində mövqeyinin güclənməsinə, daxili problemlərin - iqtisadi, ticari problemlərin həlli istiqamətində fundamental köklərin atılmasına və ölkənin inkişafına zəmin yaradan işlərin həyata keçirilməsinə gətirib çıxardı. Biz bilirik ki, ötən dövrlər ərzində, yəni Qarabağ problemi, erməni separatizmi problemi Azərbaycan üçün olduqca ciddi problemlər yaradıb, ciddi çətinliklər yaradıb. Xarici ölkələrlə münasibətlərdə öz mövqeyini lazım gəldikdə yetərincə müdafiə etmək, tələb etmək, siyasi mövqeyini göstərmək kimi məsələlərdə müəyyən çətinliklər yaradıb".
Müəllif: Ziya Hikmətoğlu