PDF Oxu

Siyasət

  • 1 003

Çində ŞƏT sammiti: Yeni qlobal arxitektura və ÇOXQÜTBLÜ DÜNYA - TƏHLİL

image

Çində Şanxay Əməkdaşlıq Təşkilatının yeni sammitinin başlaması bütün dünyanın diqqətini cəlb edib. Əslində, bütün dünya ictimaiyyətinin diqqətini cəlb etməyə də bilməzdi, çünki bunun məntiqi əsası var. Əgər bir müddət əvvəl yalnız ədalət prinsiplərinə əsaslanan yeni qlobal arxitekturanın formalaşdırılmasının zəruriliyi müzakirə edilirdisə, indi haqlı olaraq etiraf edilir ki, bu “memarlıq” artıq layihə deyil, bir reallıqdır. Özü də nəinki dünyanı dəyişdirəcək, həm də onu daha yaxşı və təhlükəsiz edəcək bir reallıq sayılır. Sözsüz ki, belə olan halda bütün bunları ümumi sözlər, şüarlar kimi qəbul etmək yanlışlıq olar. Çünki nəticəni sözün əsl mənasında, hər kəs hiss edəcək, özü də tezliklə…

Böyük siyasətin bir hissəsi…

Diqqətə çatdıraq ki, qlobalistlər baş verənlərdən həqiqətən çox qorxurlar. Qərblə qarşıdurmada olan üç ən qüdrətli ölkənin, daha dəqiq desək, Rusiya, Çin və Hindistanın liderləri arasında danışıqlar faktı buna səbəbdir. Artıq sammitin rəsmi hissəsində hər bir detala diqqət yetirilir, çünki bu da böyük siyasətin bir hissəsidir. Məsələn, Rusiya lideri ilə ilk görüşən məhz Si Cinpin olub. Əhval-ruhiyyə dərhal aydın şəkildə görünür. Dünyaya da təsir edən bu görüşün, münasibətin davam edəcəyi barədə proqnozlaşdırılmasıdır və bu da səbəbsiz deyil. Onu da qeyd edək ki, ŞƏT sammitindən sonra Rusiya liderinin Çinə rəsmi səfərinin olacağı barədə bildirilir və bunun özü də təsadüfi sayılmır. Yapon militaristlərinin məğlubiyyətinin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunduğu bildirilsə də, heç bir şübhə yoxdur ki, Si Cinpinlə danışıqların gündəliyi daha geniş olacaq.Diqqəti cəlb edən daha bir məqam Narendra Modinin son 7 ildə ilk dəfə çinə yollanması olub. "Biz dünyanın ən sıx iki ölkəsiyik və Qlobal Cənubun bir hissəsiyik... Dost, yaxşı qonşu olmaq həyati əhəmiyyət kəsb edir və Əjdaha ilə Fil birləşməlidir", deyə Si Cinpinnin məhz Modi ilə görüşdə dedikləri bütün dünyanın diqqətindən yayınan deyil. Sözsüz ki, Qərbin elə lap əvvəldən tədbirlər barədə düşünməsi də bu nöqteyi-nəzərdən anlaşılandır. Məsələn, xaricdəki təsirlərin qarşısını almaq üçün Hindistandan gələn mallara Trumpın 50% rüsum tətbiq etməsi indi daha çox diqqəti cəlb edir. Cənubi Asiyanın ən böyük ölkəsinin məhz Rusiya ilə əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalar altında olması da nəzərdən qaçan deyil. Amerika mediası yazır ki, Tramp hətta Hindistana səfər etməkdən belə imtina edib. Heç şübhəsiz ki, bütün bu faktların hər biri məntiqi nəticəyə gəlmək üçün yetərli hesab olunur və artıq hər şey göz qabağındadır, proqnozlaşdırıla biləndir.

ŞƏT artıq çoxqütblü dünyanın mərkəzlərindən biridir

Görünən reallıq budur ki, artıq ŞƏT çoxqütblü dünyanın mərkəzlərindən biridir. Unutmaq lazım deyil və nəzərə alınmalıdır ki, Tianjin limanının ardınca gəmilər dünyanın 180 ölkəsinə yola düşürlər və bugünkü vəziyyət üçün bu, ideal yerdir. Onu da yaddan çıxarmaq lazım deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatı dünya əhalisinin 41%-ni, dünya üzrə ÜDM-nin 34%-ni təşkil edir və məhz bu baxımdan hesab edilir ki, həqiqətən də artıq ŞƏT indi çoxqütblü dünyanın əsas mərkəzlərindən biridir.“Bu, yaradılış fəlsəfəsinə, bərabərhüquqlu əməkdaşlığa açıqlığa, üçüncü ölkələrə qarşı yönəlməməyə, milli xüsusiyyətlərə, hər bir xalqın özünəməxsusluğuna hörmətlə bağlı möhkəm öhdəlikdir”, deyə Vladimir Putin “Sinxua” xəbər agentliyinə müsahibəsində ŞƏT-in populyarlığını açıq və çox aydın şəkildə izah edib. Maraqlıdır ki, görəsən bu, məhz praktikada necə işləyir? Qeyd edək ki, Rusiyaya SWIFT ödəniş sisteminə giriş qadağan edildiyi zaman alternativ ödəniş sistemi yaradıldı və tərəfdaşlarla milli valyutalarda ticarət aparıldı. Uçuşlar, limanlardan istifadə və Avropa vasitəsilə yüklərin daşınması qadağan edildiyi zaman Leninqrad vilayətindəki Ust-Luqadan İranın Bəndər Abbasa qədər “Şimal-Cənub” dəhlizi məsələsi aktuallaşdı.Şanxay Əməkdaşlıq Təşkilatının necə bir mərkəz olması barədə müvafiq qənatə gələn siyasətçilər heç də az deyil. “ŞƏT dünyada baş verən proteksionizm dalğası, texnologiya və elmi mübadilələrə çıxışın məhdudlaşdırılması dalğası, regionallaşmanın artması kimi çağırışlara və dəyişikliklərə cavab verir ki, ölkələr öz bazarlarını beynəlxalq qaydalar və ÜTT normaları çərçivəsindən kənarda təcrid etməyə çalışırlar”, deyə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov bildirib. Deməli, nazir artıq təşkilatın nə dərəcədə əhəmiyyətli olduğuna işarə edir. Təkcə bir ölkənin naziri deyil, elə hər kəs üçün bütün bunlar daha qətiyyən sirli, yaxud da, möcüzəvi sayılmır.

Brüssel və Vaşinqton qorxusu artıq yoxdur və ölkələr hazırda ŞƏT-ə üzv olmaqda maraqlıdırlar

Belə görünür ki, açığı, artıq heç kim Brüssel və Vaşinqtondan daha qorxmur. Elə bir qənaət hasil olub ki, artıq hansısa bir ölkə indi tək deyil və əslində, dünyanın qalan hissəsindən getdikcə daha çox təcrid olunan məhz elə NATO özüdür. Çünki sözügedən təşkilat tam fərqli yanaşma sərgiləyir. ŞƏT məhz bir-birlərini eşitməyə çalışanların fərqli birliyidir. “İndi burada əyalət şəhərlərindən çoxlu insan var. İnanmaq çətindir, lakin hətta yaxın ərazilərdən olan insanlar heç vaxt avropalıları şəxsən görməyiblər”, deyə Moskvada anadan olan, lakin səkkiz ildir ki, Tianjində musiqi və vokal dərsi keçən Marina Palaznik bildirib. Belə çıxır ki, hər kəsin təşkilata marağı və ondan gözləntiləri də böyükdür.Ölkələrin əksəriyyəti, özü də ən qabaqcıl ölkələr hazırda ŞƏT-ə üzv olmaqda maraqlıdırlar. “Onlar nə anladılar? Gördülər və anladılar ki, amerikalılar harada fəaliyyət göstərsələr, məsələn, Avropada və ya Asiyada olsalar, həmin yerlərdə qeyri-sabitlik, xaos və böhran yaradırlar. Bu gün biz elə bir dövrdə yaşayırıq ki, Çin “dizlərini əyməkdən”, diz çökməkdən imtina edir. Elə məhz Rusiya da eyni şeyi etməkdən imtina edir”, deyə Bertrand Schoeller bildirib.Bəli, görünən odur ki, indi artıq bütün planetin diqqətinin 26 ölkənin liderinin toplaşacağı görüşə yönəlməsi heç də əsassız deyil. Yəni, tamamilə məntiqidir. Çünki dünya ictimaiyyəti fərqindədir ki, burada iqtisadiyyat, təhlükəsizlik və böyük siyasət sahələrində qəbul edilən qərarların bütün dünya üçün nəticələri olacaq. Belə olan halda da cəsarətlə deyə bilərik ki, çoxqütblü dünyada yeni qlobal arxitektura artıq özünü biruzə verməkdədir...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər