PDF Oxu

Siyasət

  • 455

Zəfər rəmzlərimiz

image

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarından düşməndən qənimət götürdüyü qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş olunur. Bu Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisidir. Parkın adı hər şeyi demiş olur. 44 günlük müharibədə Azərbaycan ordusunun gücü nəticəsində erməni ordusu məhv edilərək, məğlubiyyət uğradı. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkı 44 günlük müharibənin gedişi, Azərbaycan ordusunun qalibiyyəti ətrafında olan fikirləri əks etdirir. Belə ki, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışı zamanı lövhənin qarşısında çıxış edərkən bildirmişdi ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb: "Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var".

Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. Artıq Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Nizami və güclü Azərbaycan ordusu var. Dövlət başçısı bildirib ki, hələ müharibənin getdiyi dövrdə Mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Həmin gün yetişdi. Cənab Prezident "Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər", - deyərək bildirib ki, qoy ermənilər də görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı: "Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!"

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətdi. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək, dinc sakinləri qətlə yetirdi. Sərgilənən eksponatlar həm də düşmənin törətdiyi müharibə cinayətlərini özündə əks etdirir. Həmin qənimətlər arasında düşmənin dinc əhalimizin yaşadığı əraziləri və gecə saatlarında yaşayış binalarını hədəfə alaraq ölkəmizə atdığı "İsgəndər-M" raketlərinin qalıqları var. Prezident İlham Əliyev "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular",- deyərək bunun Ermənistanın hərbi cinayətinin sübutu olduğunu bildirib: "Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İsgəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər".

ZƏFƏR GÜNÜNÜ VƏ SARSILMAZ BİRLİYİ TƏCƏSSÜM ETDİRƏN ABİDƏ

Düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, onların hərbi resursları darmadağın edildi. Hərbi Qənimətlər Parkı Azərbaycanın əldə etdiyi tarixi Zəfərdə düşmənin məğlubluğunun nümayişi baxımından böyük əhəmiyyət malikdir. Azərbaycan tarixi qələbəni əldə etdi. Özü də 44 gün ərzində. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. "Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq", - deyən Prezidentin fikirləri böyük reallıqlara söykənir.

Tarixi Zəfərimizdən sonra Azərbaycanda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyləri yaradılır.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı.

Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Artıq paytaxtımızda Zəfər parkı istifadəyə verilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

ŞƏRQİ ZƏNGƏZUR VƏ QARABAĞ BÖLGƏLƏRİNDƏ İŞĞAL VƏ ZƏFƏR MUZEYLƏRİ KOMPLEKSLƏRİ

Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır. Aərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub. Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir. İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək. Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək. Qeyd edək ki, muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Azərbaycan 44 günlük Vətən müharibəsində neçə illərə bərabər bir yol getdi, döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər