“Yürütdüyü uzaqgörən siyasətlə Azərbaycan xalqının bugünkü inkişaf tempinin əsasını qoyan ümummilli lider Heydər Əliyev dünyada gedən siyasi prosesləri qabaqlamağı bacarır və elə bu reallıqdan da çıxış edərək hər zaman deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Məhz bu siyasi xətti öz fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən cənab Prezident İlham Əliyev isə bildirirdi: “Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik”. Dünyada beynəlxalq hüququn deyil, güc amilinin daha basqın, həlledici faktor olduğu reallığını aydın görən dövlətimizin başçısı əmin idi ki, hədəf və məqsədlərə gedən yol güclü iqtisadiyyata malik olmaqdan keçir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloqun sözlərinə görə, Şərq-Qərb, Şimal-Cənub dəhlizinin ölkəmizin ərazisindən keçmə reallığı, logistika, nəqliyyat baxımından olduqca əlverişli məkanda yerləşməyin bizə verdiyi müsbət siyasi və iqtisadi dividentlər fonunda ölkə başçımızın rəhbərliyi altında dövlətimiz hərtərəfli siyasət yürüdərək həm qonşu ölkələr, həm də dünya dövlətləri ilə fəal, bir o qədər də konstruktiv siyasət yürüdərək, heç bir dövlətə qarşı ərazi iddiası etmədən, təşəbbüskarı və iştirakçısı olduğumuz bütün layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə icra edir: “Torpaq işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi, dünyanın təlatümlü siyasi və iqtisadi prosesləri ilə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan ən ağır dönəmdə və ən çətin geosiyasi vəziyyətdə belə bütün layihələri uğurla həyata keçirdi. Ölkə ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq, Azərbaycan dövləti meqalayihə hesab olunan Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmentini – Trans-Adriatik boru kəmərini müharibənin başa çatmasından qısa müddət sonra- 31 dekabr 2020-ci il tarixində istifadəyə verdi. Bununla da dünyaya bir daha nümayiş etdirdik ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüzlə əməlimiz vəhdət təşkil edir. İqtisadiyyatın təktərəfli olaraq, sadəcə, neft amili üzərində qurulmayıb, dünyanın müasir reallığı və bu reallıqların gətirdiyi çağırışlar fonunda onun diversifikasiyalaşdırılmasının önəmini rəhbər tutan ölkə başçımız qeyri-neft sektorunun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. “Qara qızılı insan kapitalına istiqamətləndiririk” deyən dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz son illərdə bu sahədə də nəzərəçarpan işlər həyata keçirib. Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyması da məhz bu siyasətə xidmət edir. Bu, eyni zamanda, xarici investorların Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına sərmayə qoymasına yönələn bir işdir. Dövlətimizin başçısı bu məsələlərə detallı şəkildə aydınlıq gətirdi və bildirdi ki, yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək. Son illər ərzində dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı, pandemiyanın ölkələrin iqtisadiyyatlarına vurduğu zərbələr fonunda əsas məsələ ondan ibarətdir ki, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Bu baxımdan, əminliklə deyə bilirik ki, bu hədəf, ilk növbədə, mərkəzində vətəndaş amili dayanan siyasətin tərkib hissəsi kimi başa düşülməlidir. Atılan bu addımlar, yürüdülən siyasət nəticəsində Azərbaycan böyük nailiyyət qazanaraq inkişaf etmiş bir çox ölkələri qabaqlayıb və dünyanın aparıcı hesabatlarında adını ilk sıralara salmağı bacarıb. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb”.
Ş.Həsənova vurğulayıb ki, ölkə başçımız illər ərzində infrastrukturun yaradılması ilə yanaşı, işləri sağlam şəkildə icra edə biləcək kadr potensialının yetişdirilməsi işini də diqqət mərkəzində saxladı: “Bu səbəbdən də ölkə başçımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətini uğurla davam etdirir, güclü, təhsilli kadr potensialı yetişdirmək üçün dövlət xətti ilə gənclərimizin dünyanın nüfuzlu, qabaqcıl ali təhsil ocaqlarında dərin biliklərə yiyələnib ölkəyə qayıtmasını təmin etməklə, həmin bilik və bacarıqların Vətənin inkişafına töhfə verməsi işini uğurla həyata keçirir. Xarici investorlar üçün ilkin şərtlərdən biri kimi sərmayə qoyacaqları ölkənin təhlükəsiz olmasıdır. Mürəkkəb geosiyasi məkanda yerləşən ölkənin, onun xalqının milli maraqlarını rəhbər tutaraq həm region, həm dünya dövlətləri ilə balanslaşdırılmış siyasət yürüdən ölkə başçımızın aktiv diplomatik fəaliyyəti nəticəsində bu gün Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınır. Bu baxımdan da, Azərbaycan kimi mürəkkəb bir coğrafi şəraitdə yerləşən ölkənin təhlükəsizliyini təmin etməyi bacaran Prezident İlham Əliyev bir tərəfdən Azərbaycan vətəndaşının təhlükəsiz bir ölkədə yaşamasını təmin edirsə, digər tərəfdən də nəticə etibarilə hər bir vətəndaşın həyat standartlarının daha da yaxşılaşdırılması işinə xidmət edən investorların təhlükəsiz Azərbaycana sərmayə qoymasını ictimai-siyasi sabitliyi, xalq-iqtidar arasındakı birliyi qorumaqla təmin edir. İqtisadiyyatımızın güclənməsi, İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə, Qarabağ münaqişəsinin həlli, uzunmüddətli sabitlik, sülh, regionda yaratdığımız reallıq artıq investorlar üçün yeni imkan deməkdir”.
sia.az