“30-cu il dönümünü yad etməyə hazırlaşdığımız Xocalı faciəsi bir xalq yaxud, millətin məsələsi deyil, bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də və hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utancdır.
Təəssüf doğuran haldır ki, hansısa sosial media fəalının törətdiyi və cinayət tərkibinin olması sübut olunmuş əməli siyasi məhbus şousuna çevirən "həssas" hüquq-müdafiə təşkilatları beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulmasına, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs, məhz azərbaycanlı olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsinə 30 ildir reaksiya vermir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirilən tədbirlər, xüsusən, 14 ildir ki başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində hazırda, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir: “Heç şübhəsiz ki, soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər tayı Koçaryanın vəhşiliyinə hələ də, hərəkətsizlik göstərirlər. Hərəkətsizlik özü də əməldir və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən, eşitməyən "üç meymun"u xatırladan hüquq-müdafiə təşkilatları, habelə, Xocalı faciəsini hələ tanımayan böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar.
Bu gün kimsə iddia edə bilər ki, hadisələr keçmişdə qalıb, irəli baxmaq lazımdır, əlbəttə, düşmənçilik daimi ola bilməz, lakin, əgər erməni xislətini dəyişmirsə, biz nə edə bilərik? Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zaman keçsə də, erməni dəyişməyib, zamanla sadəcə metodlar dəyişib, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb.
Əlbəttə, əvvəldə də qeyd etdiyim kimi, bu, yalnız Azərbaycana aid məsələ deyil, 613 mülki insanın amansızlıqla qətli bəşəri faciədir və bu faciəyə susmaq bəşəri cinayətə göz yummaqdır.
Azərbaycanın özü zatən öz qisasını almış və bundan sonra da ala biləcək gücdür. Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamın məzmununda da ifadə edildiyi kimi 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən, Xocalı soyqırımı qurbanlarının qisasını almaqla tarixi ədaləti bərpa etmiş oldu”.
Ayşən Vəli
Diplomatiyaya və İnsanlığa Açıq Hücum