PDF Oxu

Siyasət

  • 1 229

Şərqlə Qərb arasında körpü

image

Prezident İlham Əliyev bu günlərdə Macarıstanda işgüzar səfərdə oldu. Səfər çərçivəsində keçirilən görüşlər, həmçinin cənab İlham Əliyevin Macarıstanın təşəbbüsü ilə təşkil olunan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı bir daha ölkəmizin artan nüfuzunun, möhkəmlənən mövqeyinin təqdimatı oldu.

Macarıstanın Baş naziri Viktor Obanla mətbuata birgə bəyanatında bütün məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərdiyimizi xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bildirdi ki, biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimizə sıx bağlılığımızdır. Macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də budur ki, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir: “Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Cənab İlham Əliyev onu da vurğuladı ki, Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub: “Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.
Mətbuata bəyanatında diqqəti Macarıstanın təşəbbüsü ilə keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşünə yönəldən cənab İlham Əliyev qeyd etdi ki, birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.
Budapeşt Zirvə görüşü türk dünyasının birliyində əhəmiyyətli rol oynayacaq Bəyannamənin imzalanması ilə tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinin xarici siyasətimizdə xüsusi yer tutduğunu Azərbaycanın töhfələrinin davamlılığı fonunda bir daha diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Reallıq budur ki, türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə bildiririk ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu il təşkilatın tarixində ilk dəfə olaraq Zirvə görüşünə Macarıstanın ev sahibliyi göstərdi ki, bu ölkə türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Zirvə görüşünün “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu bir daha təsdiqlədi.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər