Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında YAP-ın təsis edilməsinin 33 illiyi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, Dahi Liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin məşğələsi keçirilib.
Tədbirin əvvəlində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Sumqayıtdakı Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin siyasi irsini əks etdirən ekspozisiyalarla tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məşğələdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov “Yeni Azərbaycan Partiyası - Heydər Əliyevin müqəddəs əmanəti” mövzusunda məruzə ilə çıxış edib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bütün fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişaf strategiyasının ardıcıllıqla həyata keçirilməsinə yönəlib.
Qeyd olunub ki, YAP-ın 33 illik tarixi milli dövlətçilik ənənələrinə söykənən, məqsədyönlü siyasətə əsaslanan böyük nailiyyətlər silsiləsidir. Bu uğurların arxasında həm güclü siyasi iradə, həm də xalq-dövlət birliyinin möhkəm təməlləri dayanır. Yeni Azərbaycan Partiyası bu gün ölkənin ictimai-siyasi həyatında avanqard mövqedə dayanır, müasir çağırışlara uyğun olaraq yenilənir və strateji inkişaf istiqamətlərində mühüm rol oynayır.
Məruzəçi, həmçinin Ulu Öndərin gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəldiyini bildirib.
Məşğələnin sonunda gənclərin sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.