Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı YAP-ın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirib.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: “YAP ötən 33 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Partiya bu mövqeyini hər zaman qoruyacaqdır”.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiqdir. RİH başçısı ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir.
Çıxış edən Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov Yeni Azərbaycan Partiyasının yaranma tarixi barədə danışıb. O qeyd edib ki, həmin vaxt Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirir, ölkədə xaos, anarxiya baş alıb gedirdi: “Belə bir şəraitdə xalqımız uğur yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bir qrup tanınmış ziyalı Ümummilli Liderə müraciət edərək siyasi partiyanın yaradılmasını xahiş ediblər. Heydər Əliyev müraciətə müsbət cavab verib və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edilib”.
Həmçinin, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi ilə əlaqədar YAP Lerik rayon təşkilatı və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən şahmat yarışının qalibləri mükafatlandırılıb.
Qaliblərə YAP-ın rayon təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı YAP Lerik rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.