PDF Oxu

Siyasət

  • 1 196

“Böyük Qayıdış Azərbaycanın siyasi və sosial yenidənqurulmasının əsas mərhələsidir” - ŞƏRH EDİLDİ

image

"İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri hazırda Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu prosesin həm insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması, həm də regionun strateji gələcəyi baxımından böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, Böyük Qayıdış proqramı yalnız demoqrafik məsələlərlə məhdudlaşmır, o, eyni zamanda dövlətin iqtisadi, siyasi və sosial inkişaf modelinin yenidən qurulmasını özündə ehtiva edir: "İlk növbədə, ərazilərdə aparılan infrastruktur layihələrinin miqyası tarixi bir reallığı göstərir: Azərbaycan bu bölgələri təkcə yenidən tikmir, həm də onları müasir şəhərsalma standartlarına uyğun şəkildə sıfırdan qurur. Yol, enerji, su, rabitə, hava limanları, “ağıllı kənd” və “ağıllı şəhər” modelləri, yeni sosial obyektlər - bütün bunlar insanların təhlükəsiz və uzunmüddətli məskunlaşması üçün təməl yaradır. Bu proses eyni zamanda dövlətin bölgəni regional logistika, enerji və iqtisadi mərkəzə çevirmə niyyətini də əks etdirir. Böyük Qayıdışın siyasi aspekti də kifayət qədər stratejidir. Əhalinin həmin torpaqlara qayıtması həm Azərbaycanın suverenliyinin tam bərpasını təmin edir, həm də gələcəkdə bölgənin geopolitik əhəmiyyətini daha da artırır. İnsanların daimi məskunlaşması ərazinin yalnız hərbi nəzarətdə deyil, real sosial həyatla təmin olunmuş şəkildə idarə edilməsini mümkün edir. Bu isə həm regional sabitlik, həm də ölkənin daxili təhlükəsizliyi baxımından həlledici faktordur. Sosial və demoqrafik təsirlər də nəzərə alınmalıdır. Uzun müddət didərgin düşmüş insanların öz yurdlarına qayıtması cəmiyyət üçün psixoloji və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Burada əsas məsələ təkcə evlərin tikilməsi deyil, həm də insanların məşğulluğu, sosial rifahı və xidmətlərlə təmin edilməsidir. Buna görə də bölgədə sənaye zonalarının yaradılması, kənd təsərrüfatı layihələrinin qurulması, biznes təşəbbüslərinə dəstək mexanizmləri Böyük Qayıdışın davamlı olmasını təmin edən əsas elementlərdir. Hazırda proses ardıcıl və planlı şəkildə həyata keçirilir, lakin onun tam reallaşması zaman tələb edir. Mina təhlükəsi, infrastrukturun sıfırdan qurulması və iqtisadi fəaliyyətin bərpa olunması mərhələli şəkildə aparılmalıdır. Buna baxmayaraq, görülən işlərin sürəti və keyfiyyəti göstərir ki, Azərbaycan Böyük Qayıdış siyasətini uzunmüddətli strateji konsepsiya kimi yanaşır və bu konsepsiya həm milli maraqları, həm regional inkişafı, həm də sosial ədaləti özündə birləşdirir. Böyük Qayıdış təkcə insanlar üçün doğma ocağa dönüş deyil, həm də dövlət üçün tarixi-siyasi ədalətin bərpası, ərazi bütövlüyünün möhkəmlənməsi və regionun yeni inkişaf mərhələsinə keçidi deməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər