PDF Oxu

Siyasət

  • 880

Azərbaycan Türk Dövtləri Təşkilatının strateji hədəflərinin reallaşmasında həlledici rol oynayır

image

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafında mühüm amil kimi xarakterizə edilir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib.Azərbaycan Prezidenti türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında yeni təşəbbüslərin reallaşdırılması və beynəlxalq çağırışlara adekvat cavab verilməsi istiqamətində mühüm məqamlara toxunub. Çağdaş dünyada Türk Dövlətləri Təşkilatı yalnız mədəni dəyərlərin daşıyıcısı deyil, eyni zamanda, ciddi geosiyasi və iqtisadi aktora çevrilməkdədir.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı layihələri də diqqətə çatdırıb. Ölkəmiz türk dövlətləri üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan bu imkanlardan istifadə edərək türk ölkələri arasında yükdaşımaların çevik və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa olunur. Bu, gələcəkdə Xəzər dənizi vasitəsilə daşımaların həcmini artıracaq. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 8 beynəlxalq hava limanına əlavə olaraq sayca 9-cu beynəlxalq hava limanının da istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Eyni zamanda, 1,5 milyon ton yük qəbul etmək qabiliyyətinə malik karqo terminalının inşası Azərbaycanın regionda logistik qovşağa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 Konfransına toxunaraq qeyd edib ki, əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Dövlətimizin başçısı vurğulayıb ki, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. Azərbaycanın bu mühüm tədbiri yüksək səviyyədə təşkil etməsi qlobal miqyasda ölkənin və bütövlükdə Türk dünyasının nüfuzunu artırıb. Bu mötəbər konfrans ölkəmiz üçün yalnız ekoloji məsələ deyil, həm də siyasi və diplomatik əhəmiyyət daşıyan platformadır.
Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Dövlət başçıları bəyannamədə Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib. Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək.
Nəticə olaraq Zirvə görüşü bir tərəfdən təşkilat üzvü olan dövlətlər arasında siyasi həmrəyliyin nümayişini, digər tərəfdən isə türk dövlətlərinin regional və beynəlxalq təsir imkanlarının artdığını göstərir. Qarşılıqlı razılaşmalar türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına və ortaq dəyərlər ətrafında birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyət, tarix, dil və dəyərlər üzərində qurulmuş strateji platforma kimi gələcəkdə daha da güclənəcək. Üzv dövlətlər arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsi qlobal arenada Türk dünyasının rolunu artıracaq. Azərbaycanın siyasi iradəsi, nəqliyyat-logistika imkanları və təşəbbüsləri isə Türk dünyasının strateji gücünün formalaşmasında həlledici amillərdən biridir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Digər xəbərlər