İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş və 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər bu gündə yüksək səviyyədə inkişaf edir. Bu vaxtadək iki ölkə arasında imzalanan onlarla sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayırAzərbaycan və Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında hörmətlə möhkəmlənir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Macarıstanın Azərbaycana müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi kimi qiymətləndirilir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Oda qeyd edildi ki, bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır.
Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir.
Siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni və humanitar sahələrdə tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verilən dəstək bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Bu münasibətlər diplomatik aspekti ilə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlıq müstəvisində özünün parlaq təzahürünü tapır. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində tarixi qardaşlıq bağına mənsub Macarıstanla münasibətlər siyasi iradənin təcəssümü ilə yanaşı, həm də xalqların ortaq maraqlara söykənən qardaşlıq duyğularının ifadəsidir.
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək və münasibətlər daha da inkişaf edəcək
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının əməkdaşı