22-23 Aprel tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Təbii ki, azərbaycanlıların qurultayının keçirilməsi üçün yer təsadüfi seçilməyib. Azərbaycanın haqq zəfərinin simvoluna çevrilən, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin rəmzi olan Şuşanın qurultaya ev sahibliyi etməsi təsadüfi xarakter daşıya bilməz. Şuşa Zəfərin carçısı, haqq savaşında zəfərə gedən yolun ən önəmli düşərgəsi olduğu, Azərbaycan xalqının qəlbində bir şəhərdən daha artıq anlamları ifadə etdiyi üçün sayca beşinci olan qurultaya - dünya azərbaycanlılarının bir araya toplaşdığı məqama - ev sahibliyi etməsi də məhz onun tarixi, müqəddəs missiyası idi.
Şuşa bizim Vətən Müharibəmizin ən şərəfli səhifələrindəndir ki, Şuşa zəfəri ilə biz illərdir ehtiyacımız olan inamın bərpasını təmin etdik. Şuşa çox sayda azərbaycanlının qəlbindədir, ona görə də oranı ziyarət etmək çoxlarının arzusudur. Bu tarixi görüş Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbədən sonra keçirilən ilk qurultay olub və dünyanın hər yerindən 450 azərbaycanlını bir platformada toplamışdı. İki gün ərzində nümayəndələr diaspor təşkilatlarının fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər.
Dünya Azərbaycanlılarının V Qurultayda çıxışı zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müstəqillik dövründə yetişən, vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyinin tarixi Zəfərin əldə olunmasındakı misilsiz xidmətlərindən bəhs etdi. Zəfər çalan gənclər bu gün Şuşada dünyanın müxtəlif yerlərindən öz Vətənlərinə gəlmiş azərbaycanlıların qeyd etdiyi Zəfərin ən önəmli parçasına çevrildi. Həmin gənclər ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşdı və sonda Azərbaycanın tarixi ədaləti bərpa etməsində düşünmədən canını, qanını qurban verdi. Məhz həmin gənclik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqın öz torpaqlarına qayıdacağı ilə bağlı ümummilli lider Heydər Əliyevin səsləndirdiyi fikirlərini duyaraq, həmin bu sarsılmaz inamın Prezident İlham Əliyevin dövründə də möhkəmlənməsi nəticəsində milli məfkurəyə çevrilmiş bu mübarizənin bayraqdarlarına çevrildilər.
Müharibədən sonrakı dövrdə Azərbaycan dövləti üçün münaqişə geridə qalıb və yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin liderliyində yürütdüyü uğurlu siyasət bu həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsində mühüm rol oynayıb. Xarici siyasət xətti aparıcı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etməsinə, BMT-nin Şuşada beynəlxalq tədbir keçirməsinə, Avropa İttifaqının bu gün Azərbaycanla Ermənistan arasında normallaşma prosesində olduqca fəal şəkildə iştirakına, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsinə gətirib çıxardı.
Dünya Azərbaycanlılarının V Qurultayı da məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük strategiyanın, çoxsaylı uğurlu siyasi gedişlərin və vaxtında görülmüş tədbirlərin, milli həmrəylik konsepsiyasının əldə etdiyi nəticələrin qiymətləndirildiyi, yekun məqsədə gedən yolda keçilən böyük və məşəqqətli yolun dəyərləndirildiyi bir toplantıya çevrildi.
Azərbaycan dövlətinin, xalqının və diasporunun qarşısında yeni məqsədlər dayanır. Qarşıda çoxlu belə qurultaylar, konfranslar olacaq, dünyanın dörd bir yanından olan insanlar görəcəklər ki, Qarabağ nədir və Azərbaycan öz siyasətini necə düzgün və aydın formalaşdırır. Azərbaycan Prezidenti bu gün yeni bir mərhələnin əsasını qoydu, Şuşa isə məhz bu yeni mərhələnin başlandığı yer kimi tarixə düşdü.
Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun
ərazi ilk partiya təşkilatının sədr müavini