PDF Oxu

Müxalifət

  • 7 278

AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat

image

Yaxud, ambisiyaların qurbanına çevrilmiş axecepe(lər)

Milli azadıq hərəkatının ilk zamanlarından başlayaraq müstəmləkəçilik siyasəti yürüdən qırmızı imperiyaya qarşı milləti özündə birləşdirən bir quruma ehtiyac var idi. Çünki xalqın Kremlin qaniçən siyasətinə qarşı bir qurumda birləşməsi əsas şərtlərdən biri idi. Məhz 80-ci illərin sonlarında, daha dəqiqi, 1988 və 1989-cu illərdə Dağlıq Qarabağda erməni özbaşınalıqlarının artdığı bir zamanda, eləcə də Ermənistanda soydaşlarımıza qarşı etnik təmizləmə, diskriminasiya siyasəti yürüdülən bir vaxta Azərbaycan xalqının bir yerdən səsini ucaltması üçün qeyd edilən amillər mütləq idi. Düzdür, həmin dövrlərdə "Çənlibel", "Ağrıdağ", "Babək", "Təbriz" və s. tipli cəmiyyətlər yaradılır, həmin cəmiyyətlər, müəyyən mənada fəaliyyət göstərərək, xalqın sözünü deməyə çalışırdılar. Ancaq hadisələr gərginləşdikcə, ciddi siyasi qurumum yaranması şərtə çevrilməyə başladı.

Azərbaycanda yaradılan xalq cəbhəsinin həmin dövrlərdəki aparıcı simalarını xatırlasaq, biz orada hazırkı müxalifətdə olanların əksəriyyətini görmərik. Daha dəqiq desək, bu gün özlərnə partiya yaradıb, lider kimi təqdim olunanlar 1980-ci illərin sonlarında xalq cəbhəsinin ən aşağı dərəcəli eşalonunda təmsil olunurdular. Əsas qüvvəni isə Məhəmməd Hatəmi, Xəlil Rza, Elçibəy, Bəxtiyar Vahabzadə və sairələri təşkil edirdilər. Ona görə də bu gün özlərini AXC-nin "yaradıcıları" sırasına zorla daxil etdirənlərin sonradan hansı oyunbazlıqlara gedəcəkləri hələ o zamanlardan bəlli olurdu. Bu isə, əlbəttə ki, sonrakı proseslərə aid idi.

Sonrakı proseslərdə, yəni Azərbaycan müdtəqillik əldə etdikdən sonra AXC-nin ən aşağı eşalonunda təmsil olunan şəxslər Əbülfəz Elçibəy ətrafında toplaşıb, orada yavaş-yavaş şəxsi ambisiyalar, siyasi iddialar irəli sürməyə başladılar. Hətta birillik hakimiyyətə də yiyələnməyə vaxt tapan cəbhəçilər sonda böyük xəyanətlər törədərək, müstəqilliyimizi təhlükə altına atdılar. O cümlədən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü də məhv olmaq ərəfəsini yaşayırdı. Tarix də bunu sübut edir və bu barədə kifayət qədər dəlillər mövcuddur. Həmin ərəfələrdə Elçibəy prezidentlik postunu tərk edərək, Kələkiyə qaçdı və...

1995-ci ildə AXC siyasi partiyaya çevrilərək Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlandırıldı. 1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Öz səriştəsizlikləri və aşırı iddiaları ilə AXC hakimiyyəti daxilində ziddiyyətlərin yaranmasına səbəb olan qüvvələr artıq aşkar şəkildə AXCP-ni özünküləşdirməkdən ötrü bir-birləri ilə qarşıdurmalara getdilər. Belə bir ərəfədə Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP-daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP, faktiki olaraq iki siyasi qanada - "islahatçılar"a və "klassiklər"ə parçalandı. 2000-ci il iyul ayının 19-da AXCP-nin "klassiklər" adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu hadisədən təxminən, bir ay sonra avqustun 22-də Əbülfəz Elçibəy Türkiyədə vəfat etdi. Bu amil isə AXCP-dəki parçalanmanı sürətləndirdi.

"Yurd" amili

Sirr deyil ki, AXCP-nin parçalanmasında və zəifləməsində təşkilatın daxilində gizli fəaliyyət göstərən "Yurd" qrupunun xüsusi rolu olub. 1995-ci ildə Kələkidə olan Elçibəy AXCP sədri seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi "yurdçular"ın nəzarətinə keçib. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər "Yurd"un adı ilə çox vaxt birbaşa bağlı olub. İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü "islahatçılar", digər qrupun özünü "klassiklər" kimi təqdim etməsi nəticəsində müşayiət olunub. 1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. Elçibəy parçalanmanın qarşısını almaq üçün tərəfdarlarını Ə.Kərimlinin rəhbərlik etdiyi "yurdçular"la qarşıdurmadan çəkinməyə çağırırdı.

2001-ci ildən başlayaraq, Qüdrət Həsənquliyev AXCP-nin parçalanan tərəflərinin birləşdirilməsi kampaniyasına başlayır. Ə.Kərimli birləşmə ideyasının onun avtoritarizminə son qoyacağını bilərək bəyan edir ki, birləşmə məsələsində kifayət qədər qapalı və şübhəli məqamlar var. Bundan sonra "islahatçılar" prosesdən kənarlaşırlar. "İslahatçılar"ın dəstəyindən məhrum olan Q.Həsənquliyev "klassiklər"in böyük bir hissəsini birləşmə planına inandıra bilir və "klassiklər"in böyük bir hissəsi onunla "birləşmə" prosesinə qoşulur. M.Mirəlioğlunun sərt etirazı isə yenidən vəziyyəti dəyişdirir. Nəticədə, 2002-ci ilin iyul ayında bir qrup AXCP üzvü "birləşdirici qurultay" adı ilə toplaşıb partiyanın birləşdiyini bəyan edir. Bir müddət sonra Ədliyyə Nazirliyi Q.Həsənquliyevin rəhbər olduğu birləşən AXCP-ni rəsmən tanıyır. Amma az sonra AXCP-nin qeydiyyatını ləğv edərək, Ə. Kərimlini yenidən partiyanın sədri kimi tanıyır. Bundan sonra Q.Həsənquliyevin sədrlik etdiyi partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) adlanır.

Əli Kərimlinin siyasi iflası

Ə.Kərimlinin partiya daxilində diktatura hesabına rəhbərliyi qoruyub-saxlamaq, fəalları sıxışdırmaq siyasəti uzun çəkmədi və fiaskoya uğradı. Seçkilərdə siyasi uğursuzluq, passiv müxalifətçilik fəaliyyəti onun ətrafındakıların kəskin etirazına səbəb oldu. 2015-ci il avqustun 19-da AXCP-nin sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsini yaratdığını bəyan etdi. Cəbhəçilər Ə.Kərimlinin istefasını və partiyanın təşkilati strukturlarının yenidən formalaşması tələbini irəli sürdülər. Beləliklə, müasir Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilat kəmiyyət və keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoydu. AXCP-də başlanan yenilənmə prosesi partiyanın oktyabr ayının 18-də keçirilmiş qurultayında özünün siyasi və hüquqi təsdiqini tapdı. AXCP EQTK-nin sədri Razi Nurullayev partiyanın sədri seçildi. AXCP-nin nizamnaməsinə dəyişiklik edilərək sədrin seçilmə müddəti hər biri 4 il olmaqla iki dəfə müəyyən edildi.

Buna qədər AXCP-dəki narazılar daha bir neçə yerə parçalanaraq, zaman-zaman ayrı-ayrı partiyalar yaratdılar - Demokratik İslahatlar Partiyası (DİP), Böyük Quruluş Partiyası (BQP), Milli Dövlətçilik Partiyası (MDP), "Aydınlar" partiyası kimi siyasi təşkilatların hər biri, məhz AXCP daxilindən qopanlar sırasındadırlar. Bu səbəbdən, hazırda 27 illiyini qeyd edən AXCP bu "bayramını", məhz parçalanmış şəkildə keçirir. Buna isə ciddi bayram kimi baxmaq elə də real təsir bağışlamır...

Rövşən RƏSULOV

Digər xəbərlər