Siyasət

  • 2 358

YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır

image

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə xalqımızın vətənpərvər insanlarının, ziyalıların təşəbbüsü və iştirakı ilə tarixi zərurətdən irəli gələrək yaranmışdır. 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında partiyanın proqram və nizamnaməsi qəbul olundu. Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.Yeri gəlmişkən, qeyd edək ki, ötən illər ərzində YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı.
Xüsusilə qeyd edək ki, Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olan YAP 30 ildir ki, qarşısına qoyduğu məqsədlərə nail olunmasında böyük nailiyyətlər əldə edib. Partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.Daim yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradaraq, YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi: "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var".Qurultayda Birinci vitse-prezident Mehriban Əliyeva YAP Sədrinin müavini vəzifəsindən Birinci müavin vəzifəsinə təyin edildi. Mehriban Əliyevanın YAP Sədrinin Birinci müavini olması partiyanın ümumi fəaliyyətinə böyük təkan verdi. O, Azərbaycan dövlətinin və xalqının maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Əzmkarlığı ilə azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən Mehriban xanım Əliyevanın dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlu fəaliyyəti təqdirəlayiqdir.Onuda qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın "Biz birlikdə güclüyük!" devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.Yeni Azərbaycan Partiyası dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir. YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. YAP ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının oynadığı rolu yüksək qiymətləndirir. Buna görə də partiya dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, dövlət orqan və qurumlarında kollegial qərarların qəbulu zamanı, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiliyinin və iştirakının təmin edilməsi, dövlət orqan və qurumları yanında yaradılmış ictimai şuraların fəaliyyətində səmərəliliyin artırılması, ictimai şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi və s. hədəflərlə çıxış edir.Ən əsası, bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. 30 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. İnanırıq ki, böyük ənənələrə malik Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq artıq yeniləşmiş formatda ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

Pənah Rzayev
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Digər xəbərlər