Siyasət

  • 2 237

Ağdam iki il sonra: nəhəng quruculuq meydanı TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır"

27 ildən sonra hər bir azərbaycanlının həsrətdə gözlədiyi gün yetişdi: Ağdam Azərbaycana qaytarıldı. Həmin zamandan artıq iki il ötür. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır". Bəli, beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı.
"ƏZİZ AĞDAMLILAR, SİZ ARTIQ KÖÇKÜN DEYİLSİNİZ"
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 20-də xalqa etdiyi müraciətdə söylədiyi kimi, "Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir". "Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız", - deyən Cənab Prezident bildirib ki, biz tarix yazırıq, yeni tarix: "Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir".
30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq keçmiş məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yurd-yuvasına dönür. Qalib dövlətin qalib sakini kimi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi.
AZƏRBAYCAN ÖZ HAQQINA QOVUŞDU
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı, məhz Ağdam rayonuna pənah gətirib. 1993-cü ilin iyul ayının 23-də Ağdam işğal olunur.
"BUGÜNKÜ AZƏRBAYCAN BÜTÜN TARİX BOYUNCA ƏN QÜDRƏTLİ AZƏRBAYCANDIR"
27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır. Artıq bu gün iki il bundan əvvəl işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub. Azərbaycan Prezident İlham Əliyev çıxışlarını birində vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır". Dövlət başçısının və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərə, eləcə də Ağdam rayonuna səfəri və burada yeni müəssisələrin təməlinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
XIDIRLI VƏ KƏNGƏRLİ KƏNDLƏRİNİN TİKİNTİSİNƏ BAŞLANILIB
Artıq Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin dövlət başçısı tərəfindən təməli qoyulub. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində də 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Artıq cari ilin oktyabrın 10-da hər iki kəndin tikinti işlərinə başlanılıb. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. İşğaldan əvvəl regionun sənaye mərkəzi olan şəhər yenidən öz həyatına qaytarılacaq. Burada Ağdam Sənaye Parkı tikilir. Qarabağ xanlığının banisi və ilk hökmdarı, Cavanşirlər sülaləsinin banisi Pənahəli xanın məqbərəsinin yerləşdiyi İmarət kompleksinin və tarixi məscidin bərpası istiqamətində işlər davam etdirilir. "Qarabağ" futbol komandasının oyunlarının keçiriləcəyi stadionun tikilməsi də nəzərdə tutulub. Ağdamda yaradılması nəzərdə tutulan Qarabağ Universiteti ilə şəhər təhsil mərkəzinə çevriləəcəkdir. Bütün görülən işlərlə yanaşı, artıq şəhərdə Qələbə Muzeyi və İşğal Muzeyi inşa olunur.Azərbaycan Prezidentinin bildirdiyi kimi, "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunur. Bütün Qarabağ zonası "yaşıl enerji" zonasına çevriləcək. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır və tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər