Siyasət

  • 2 041

Azərbaycanın Avrasiyadakı siyasi-iqtisadi yeri ŞƏRH

image

İqtisadi-coğrafi mövqe anlayışı – ölkənin iqtisadi inkişafına təsir göstərən müxtəlif amillərin məcmusudur. Dünyanın siyasi həyatında baş verən hadisələr, elmi-texniki tərəqqi, yeni nəqliyyat sistemlərinin yaradılması, qonşu ölkələr arasındakı münasibətlər və s. iqtisadi-coğrafi mövqeyə təsir göstərir. Buna misal olaraq Bakı-Türkmənbaşı gəmi-bərə xətti işə düşdükdən sonra Mərkəzi Asiya respublikalarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrində respublikamızın iqtisadi-coğrafi mövqeyinin rolunun artmasını göstərmək olar. Geosiyasi göstəricilərinə görə - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətinə, maddi və mənəvi resurslardan yararlanma əmsalı və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur.Geoiqtisadi dəyərinə görə ulu öndər Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir. Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti yenə də prioritetliyini qoruyub saxlayıb. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Bütün bu amilləri nəzərə alaraq xatırlatmaq lazımdır ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir.Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşündə də bu barədə danışılıb. Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib. Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu vurğulayıb. Prezident İlham Əliyev isə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın nəzərə çarpdığını, Azərbaycanın Çin dövləti başçısı tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə mühüm əhəmiyyət verdiyini, bu layhəni dəstəkləyən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə də “Bir kəmər, bir yol” təşəbbüsü yüksək dəyərləndirilib. Si Cinpin bildirib ki, Azərbaycan tərəfi və şəxsən Prezident İlham Əliyev Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasına böyük diqqət yetirir.Azərbaycan Böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır.Bu gün Azərbaycan Çinə kənd təsərrüfatı məhsullarının, o cümlədən, şərab, quru meyvə, meyvə şirələri və qənnadı məmulatlarının ixracı ilə bağlı intensiv danışıqlar aparır. Azərbaycan şirkətləri öz məhsullarının daha yaxşı tanıdılması və yerli bazara çıxışının gerçəkləşməsi üçün Şanxayda keçirilən birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla, bu ölkədə reallaşan ərzaq və kənd təsərrüfatı məhsulları sərgi və yarmarkalarında fəal iştirak edir. Şübhəsiz ki, “Bir kəmər, bir yol” təşəbbüsü gələcəkdə bu cür iqtisadi-ticari əməkdaşlığın yeni inkişaf müstəvisinə keçirilməsinə müsbət təsir göstərəcək. Xəzər dənizinin statusu müəyyənləşdirildikdən, müvafiq konvensiya imzalandıqdan sonra “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan ərazisində reallaşması imkanları xeyli artıb. Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə çox əhəmiyyətlidir. Son illər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycandan həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində artımlar var. Ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə aparılır. Elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə olunub. Bu da iş adamları üçün beynəlxalq yükdaşımalar baxımından çox vacibdir. “Bir kəmər, bir yol” layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından da çox vacibdir. Layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin yüksəlməsinə də müsbət təsirini göstərir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artırır. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. İstifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu ilkin proqnozlaşdırılan rəqəmlərdir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətt rolunu oynayacaq.Çindən başlayaraq Qərbi Avropaya qədər uzanan layihədə Azərbaycanın əsas keçidlərdən biri olması ölkəmizin qlobal əhəmiyyətini artırır. Bu gün Azərbaycan bir tərəfdə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər tərəfdən, Çinin Avropaya çıxışında əsas tranzit xətti hesab olunur. Bu Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi yerini müəyyənləşdirir.

Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər