Prezident İlham Əliyev: "Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür"
İki ildən artıqdır ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni həyat canlanır. 30 ilə yaxın işğalda olan torpaqlarımızın üzərinə əzəli sakinlərin ayaq basması bu məkanların ruhuna bir rahatlıq, azad nəfəs bəxş edib. İnsanlarımız kimi torpağımız da sevinc içindədir, ərazilərimiz yenidən qurulur, öz keçmiş həyatına qayıdaraq ona can verilir. Bir tərəfdən torpaqlarımız əkilib-becərilir, heyvandarlıq, maldarlıq inkişaf edir, digər tərəfdən isə şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulur, tarixi mədəni abidələrimiz bərpa və təmir edilir. Azərbaycan xalqına məxsus hər bir qarış torpağımızda xalqımızın tarixi keçmişindən gələn ənənələrə, dəyərlərə, dini məbədlərimizin bərpasına ciddi önəm verilir. Dağıdılmış şəhərlər, ruhlar şəhərinə çevrilən məkanlarımızda böyük quruculuq, abadlıq işləri aparılır.
Məlumdur ki, erməni vandalları işğal dövründə məscidlərimizi, ziyarətgahlarımızı, qəbirüstü abidələrimizi məhv ediblər. Maddi abidələrə qarşı talançılıq siyasətinin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. İşğaldan azad olunan ərazilərimizdə hərbi təcavüzü nəticəsində ilk insan məskənlərindən olmuş məşhur Azıx, Tağlar mağaraları və s. Ermənistan tərəfindən qəsdən dağıdılıb. Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Bu sırada Azərbaycanın tanınmış ədiblərinin, eləcə də musiqiçilərinin ev-muzeyləri, abidə və büstləri də var. Bütün bunlarla yanaşı, Azərbaycan təbiəti də erməni terroru ilə üz-üzə qalıb. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını bir daha ortaya qoymuş oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür". Yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq onları vəhşicəsinə dağıdıblar.
Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazmaq istəyən mənfur düşmənlərimiz, milli sərvətimiz olan bu abidələrimizi məhv etməklə, onların Azərbaycana məxsusluğunu itirməyə çalışıblar. Xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür saxtakarlığa əl atıblar.
Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
"BİZ GÜCÜMÜZÜ SƏFƏRBƏR EDƏRƏK BAX BU TARİXİ GÜNLƏRİ YAŞAYIRIQ"
30 il müddətində işğal altında saxladıqları bütün tarixi, dini abidələrimizi məhv ediblər. Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli rayonlarında yüzlərlə tarixi, memarlıq və mədəniyyət abidələri, on minlərlə eksponatı olan muzeylər düşmən əlinə keçərək viran edilmişdir. Şuşada XVIII əsrə aid Gövhər Ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusifli məscidi, Cəbrayılda V və VII əsrlərə aid səkkizguşəli türbə, XVIII əsrə aid Sultanməcid hamamı, Zəngilanda XII əsrə aid Qız qalası, XIV əsrə aid səkkizguşəli türbə, Laçında XIV əsrə aid Məlikəjdər Türbəsi, Ağdamda dünyada ikinci olan Çörək Muzeyi, eramızdan əvvəl V əsrə aid Çalaqtəpə yaşayış məskəni, Qubadlıda IV əsrə aid Gavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri, Kəlbəcərdə XIII-XVIII əsrlərə aid Xotavənd məbədi, Füzulidə 1682-ci ildə tikilmiş Qiyasəddin məscidi, 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və digər tarixi memarlıq abidələrimiz erməni vandalizminə məruz qalmışdır.
Bu gün abidələrimiz yenidən həyata qayıdır. Vətən müharibəsi ilə erməni talanına son qoyuldu və bir çox abidələrimiz kimi, iyirmi yeddi ildən sonra Ağdam Cümə məscidi öz sakinlərinin ixtiyarına verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarəti zamanı, dövlət başçımız Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi məscidə hədiyyə edərək "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim Qurani-Kərimi bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax bu tarixi günləri yaşayırıq" – deyə bildirmişdir.
Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən, donuz saxlamaqla azərbaycanlıların heysiyyətlərinə toxunmağa çalışıblar.
Qeyd edək ki, Ağdam şəhərində Qarabağın XIX əsr dini memarlıq abidəsi olan Cümə məscidi 1868—1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən inşa edilmişdir. Memar Kərbəlayi Səfi Xan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək, Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq - inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.
İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİMİZ, MƏDƏNİ-TARİXİ ABİDƏLƏRİMİZ ÖZ ƏVVƏLKİ HƏYATINA QOVUŞACAQ
Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərdə tarixi görkəmin bərpası önəmli məsələlərdəndir. Bu ərazilərdə, eləcə də Şuşada bir-birindən böyük əhəmiyyət kəsb edən abidələrimiz var və onların bərpası istiqamətində ardıcıl işlər görülür. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Burada - Şuşadakı Şirin su hamamı da diqqəti cəlb edir. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamının tarixinə nəzər salsaq görərik ki, bu hamam 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb. Bu gün bir çox tarixi abidələrimiz kimi, Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək. Şuşa şəhərində Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biri olan saray tipli tarixi yaşayış kompleksi Mehmandarovların malikanə kompleksi yerləşir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır. Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir. Qısa bir dövrdə işğaldan azad olunan ərazilərimiz, mədəni-tarixi abidələrimiz öz əvvəlki həyatına qovuşacaqdır.
Zümrüd BAYRAMOVA