Masallı rayonunda xalqımızın şərəfli günü olan 28-may Müstəqillik Gününə və kollecin “Gurşad” jurnalının təqdimat mərasiminə həsr olunmuş “Müstəqilliyin təntənəsi” mövzusunda konfrans keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kolleci, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyi və Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı, Masallı rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə gerçəkləşib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir öz işini Heydər Əliyev Mərkəzində davam etdirib.
Konfrans başlamazdan əvvəl Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin sədri Sudeif İmamverdiyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar birliyinin üzvü, beynəlxalq mükafatlar laureatı, teleradio jurnalisti, şair-publisist Mübariz Süleymanlı, və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əməkdar jurnalist, “Gurşad” jurnalının baş redaktoru Zakir Abbas çıxış edərək bildirmişdir ki, 28 may Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də xalqımız əsrlər boyu arzuladığı azadlıq idealını gerçəkləşdirərək müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, yalnız Azərbaycan üçün deyil, bütün Şərq aləmi üçün böyük bir tarixi hadisə idi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşmüşdür. Lakin tariximizin bəzi dönəmlərində müstəqilliyimiz əlimizdən alınsa da, xalqımız heç zaman azadlıq ruhunu itirməmişdir. Uzun illərdən sonra 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitliyə, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bu gün isə ölkəmiz İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da güclənir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir. Xalqımız öz müstəqilliyini yalnız qoruyub saxlamaqla kifayətlənmir, onu hər gün daha da gücləndirir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, tarixi torpaqlarımızın azadlığı xalqımızın birliyinin, gücünün və vətən sevgisinin bariz nümunəsinə çevrilmişdir.
Çıxışlarda vurğulanıb ki, “Gurşad” jurnalı sadəcə bir nəşr deyil, o, tələbələrin düşüncə dünyasını, yaradıcılıq potensialını, bilik və bacarıqlarını əks etdirən mənəvi bir xəzinədir. Burada gənclərin fikirləri, araşdırmaları, ədəbi nümunələri, uğurları və ideyaları öz əksini tapır. Belə nəşrlər tələbələrdə oxumaq, araşdırmaq, yazmaq və yaratmaq həvəsini artırır, onların dünyagörüşünün formalaşmasına böyük töhfə verir. Kitab oxuyan, yazan, düşünən gənclər gələcəyin güclü vətəndaşlarıdır. Bizim vəzifəmiz yalnız peşə sahibi olmaq deyil, eyni zamanda savadlı, vətəninə bağlı, milli-mənəvi dəyərlərə sahib çıxan bir gənclik formalaşdırmaqdır. İnanırıq ki, “Gurşad” jurnalı gələcəkdə daha böyük uğurlara imza atacaq, tələbələrin səsini daha geniş auditoriyaya çatdıracaq və kollecin həyatında mühüm rol oynayacaqdır.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrin təqdimatında kompazisiya nümayiş olundu.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, eləcə də konfransın işində fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.