Siyasət

  • 17 438

Andrey Kazakeviç: “ABŞ və Avropa İttifaqının mövqeyi Azərbaycan üçün çəkindirici ola bilməz” – MÜSAHİBƏ

image

“Ermənistanın aktiv döyüş potensialı yoxdur, Azərbaycan isə həmişəkindən güclüdür”

Belaruslu politoloq, siyasi elmlər doktoru, “Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru Andrey Kazakeviç “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan nizamlanmasında yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıa təqdim edirik.

- Laçın yolunda vətəndaş ekoaksiyasına görə ABŞ və Avropa Azərbaycana təzyiq edə bilərmi?

- İndiki vəziyyətdə təzyiqdən danışmaq çətin ki mümkün olsun. ABŞ və Aİ-nin Cənubi Qafqazdakı vəziyyətə birbaşa təsir imkanları məhduddur. Bu işdə əsas səbəb Qərbin diqqətini özünə yönəldən Ukrayna problemi və Azərbaycanın enerji resurslarının Aİ üçün artan əhəmiyyətidir. Əksinə, onun məcburi mülayim aktivliyini gözləmək olar. Təbii ki, yeni bir eskalasiya olmasa. Amma ABŞ və Aİ-nin mövqeyi Azərbaycan üçün çəkindirici ola bilməz.

- Azərbaycanla Ermənistan arasında yeni toqquşmalar mümkündürmü?

- Toqquşma riski qalır, amma burada əsas məsələ miqyas məsələsidir. Deyəsən, hələlik ciddi toqquşmalar üçün şərait yoxdur. Bir tərəfdən müvəqqəti olaraq Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlı kontingentinin timsalında çəkindirici məqam var, digər tərəfdən dünya dövlətlərinin probleminə diqqəti artırıb.

Artıq Azərbaycanın danışıqlarda mövqeləri güclüdür. Ermənistanın aktiv döyüş əməliyyatları aparmaq potensialı yoxdur. Beləliklə, Azərbaycanın Ermənistan tərəfinə silahsız təzyiqini davam etdirməsi məntiqlidir, çünki Ermənistanın silahlı cavabından qorxmağa ehtiyac yoxdur.

- Azərbaycan Prezidenti 2023-cü ili Ermənistan üçün nəhayət sərhədi delimitasiya etmək üçün “son şans” adlandırıb. Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, o halda 2024-cü il gələcək, 2025-ci ildə isə Rusiyanın sülhməramlı missiyası başa çatacaq. Bundan sonra nə olacaq, deyə Əliyev soruşur. Necə düşünürsünüz - delimitasiya 2023-cü ildə aparılacaqmı? Bu baş verməyəcəksə, bundan sonra nə olacaq?

- Prezident İlham Əliyevin sözlərini daha çox danışıqlar prosesində Ermənistana əlavə güzəştlər əldə etmək üçün təzyiq kimi qiymətləndirərdim. Ukraynada müharibə başlayandan sonra Türkiyənin Cənubi Qafqaz regionunda mövqeləri gücləndi, Rusiyanın mövqeyi isə əksinə, zəiflədi, eyni zamanda, Azərbaycanın Aİ üçün əhəmiyyəti artdı. Ötən ilin sentyabrında Ermənistanla baş vermiş hərbi toqquşmaların Bakı üçün uğurlu nəticəsi öz rolunu oynadı. Yəni Azərbaycanın mövqeyi həmişəkindən güclüdür. Bütün bunların fonunda Bakının problemin öz şərtləri əsasında həllini formalaşdırmağa çalışması təbiidir. Ermənistana isə tələsməmək və beynəlxalq vəziyyətin onun üçün daha əlverişli olacağına ümid etmək daha sərfəlidir.

Buna baxmayaraq, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası, fikrimcə, real deyil. Və bu məsələdə gərginlik hələ uzun müddət davam edəcək.

Tərcümə - Elçin

Digər xəbərlər