2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev bəyan etmişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. “Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında söylədiyi bu fikrin məsuliyyətini layiqincə dərk edən dövlətimizin başçısı ötən dövr ərzində daxili və xarici siyasətinin əsas prioritetlərini bir hədəf üzərində cəmləşdirmişdir. Bu hədəf isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Həmin ali məqsədə çatmaq üçün dövlətimiz siyasi-iqtisadi, hərbi, milli-mənəvi və ideoloji cəhətdən çoxsaylı islahatlar həyata keçirmişdir.
Ötən illər ərzində bu sahələr üzrə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunmuş, gənc nəsil milli vətənpərvərlik ruhunda yetişdirilmişdir. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları bir daha göstərdi ki, Azərbaycan artıq bütün maneələri aşmağı bacaran güclü və əzmli bir dövlətə çevrilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərkən dövlətimizin başçısı bildirib ki, “Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız”. Həqiqətən də müharibənin əsasında dayanan amil bizim ruhumuz, iradəmiz, torpaq sevgimiz, birliyimiz oldu. Buna əlavə olaraq ən böyük amil o idi ki, hər bir Azərbaycan vətəndaşı öz rəhbərinə inanır, rəhbərinin verdiyi heç bir qərarı sorğulamadan Liderinin ətrafında ətdən sipər örməyi bacarırdı. 44 gün ərzində dünyaya elə bir birlik dərsi keçdik ki, bu dərs ən yeni tarixə qızıl hərflərlə yazıldı. Bu günə qədər də Azərbaycanın Zəfərindən yazılır, danışılır, gələcək nəsilləri məhz bu cür yetişdirmək uğrunda çalışılır.
Azərbaycan nəinki Zəfər əldə etdi, torpaqlarını azad etdi, qürurunu ucalara qaldırdı, həm də bu Zəfəri regiondan düşmənçiliyin silinməsi üçün gözəl, tarixi bir fürsət kimi görür, bu cür dəyərləndirir. Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşərək bu gün Qarabağımızı yenidən cənnətə çevirir. Müasir Azərbaycanın banisi, Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünün Qarabağ muğamının sədaları ilə keçirilməsi xalqımızın Ulu Öndərə duyduğu minnətdarlıq hissidir. Qarabağın dirçəldilməsində bu dahi şəxsiyyətin adını daşıyan, onun ideallarını fəaliyyətinin ana xətti kimi müəyyənləşdirən Heydər Əliyev Fondu bərpa işinə önəmli töhfələr verir. Hər bir şəhər və kəndin arxitekrutası bərpa edilərkən, yenidən qurularkən çalışılan əsas amil odur ki, burada milli ruh canlandırılsın. Məhz Fondun daxildə və beynəlxalq aləmdə icra etdiyi layihələrin müsbət nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Çətin dönəmdə ölkəmizi xaosdan, anarxiyadan xilas edən Ümummilli Lider Heydər Əliyevin izi ilə eyni siyasət davam etdirilir. Törədilmiş vəhşiliyə, urbisidə və ekosidə baxmayaraq torpaqlarımıza yeni nəfəs vermək üçün ən müasir standartlar tətbiq olunur. Biz həm də ləyaqətli müharibə aparmaqla öz təmiz xislətimizi dünyaya nümayiş etdirdik.
Qarabağ və Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər aparıldığı bir vaxtda dövlətimizin başçısı xarici siyasət sahəsində də yüksək fəallıq və ardıcıl diplomatik fəaliyyət nümayiş etdirir. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə yüksəlir. Regiondan coğrafi baxımdan uzaqda yerləşən ölkələr belə bölgəmizə artan maraq göstərir və əməkdaşlıq üçün ilk olaraq Azərbaycanla təmas qurmağa üstünlük verirlər. Beynəlxalq münasibətlər sisteminin istənilən subyekti yaxşı anlayır ki, Azərbaycanın razılığı və mövqeyi nəzərə alınmadan bu regionda hər hansı layihənin uğurla reallaşdırılması mümkün deyil. Əks halda, belə təşəbbüslər əvvəlcədən iflasa məhkumdur.
Azər Badamov
Milli Məclisin deputatı