PDF Oxu

Siyasət

  • 302

Ağdamın yeni tarixində quruculuq və Böyük Qayıdış mərhələsi - ŞƏRH

Ağdamın yeni tarixində quruculuq və Böyük Qayıdış mərhələsi - ŞƏRH

Ağdamın bugünkü mənzərəsi Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolun, milli iradəsinin və dövlətçilik əzminin canlı təcəssümüdür. Bir vaxtlar Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tutan bu şəhər uzun illər işğalın ağır nəticələri ilə üz-üzə qalsa da, öz tarixi kimliyini və gələcəyə qayıdış ümidini itirmədi. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi ilə yalnız bir ərazi üzərində Azərbaycanın suverenliyi bərpa olunmadı, həm də şəhərin yeni inkişaf tarixinin əsası qoyuldu. Bu gün Ağdamın simasında dağıntıların yerini quruculuğa, məcburi köçkünlüyün yerini doğma yurda qayıdışa, uzun illərin səssizliyini isə həyatın səsinə verdiyi aydın görünür.
Ağdamın əhəmiyyətini yalnız coğrafi mövqeyi ilə izah etmək mümkün deyil. Qədim yaşayış məskənlərindən biri olan bu ərazi zəngin tarixi, arxeoloji irsi, təsərrüfat ənənələri və mədəni mühiti ilə seçilib. Üzərriktəpədə aparılan arxeoloji tədqiqatlar burada qədim dövrlərdən etibarən insan məskunlaşmasının mövcudluğunu təsdiqləyən mühüm maddi sübutlar ortaya qoyub. Pənahəli xanın Qarabağ xanlığı dövründə bölgədə həyata keçirdiyi quruculuq işləri də Ağdamın tarixi inkişafında xüsusi mərhələ təşkil edib. Sonrakı dövrlərdə şəhər Qarabağın ticarət, sənətkarlıq, kənd təsərrüfatı və mədəni həyatının fəal mərkəzlərindən birinə çevrilib. Bu baxımdan Ağdamın yenidən qurulması həm də onun tarixi funksiyasının və regional əhəmiyyətinin bərpası deməkdir.
1993-cü il iyulun 23-də Ağdamın böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin inkişaf yolunda ən faciəli səhifələrdən birini açdı. Onilliklər ərzində formalaşmış yaşayış infrastrukturu dağıdıldı, iqtisadi potensial məhv edildi, yüz minlərlə insanın deyil, on minlərlə sakinin doğma yurdla bağlı həyat planları yarımçıq qaldı. Təxminən 128 min ağdamlının öz evindən didərgin düşməsi, minlərlə insanın həyatını itirməsi və rayonun sosial-iqtisadi sisteminin sıradan çıxarılması işğalın miqyasını aydın göstərir. Məktəblər, mədəniyyət ocaqları, sənaye müəssisələri, tarixi abidələr və hətta Ağdamın özünəməxsus simvollarından biri olan Çörək Muzeyi belə dağıntı və talanlardan xilas olmadı.
Ağdamın işğal dövründə üzləşdiyi mənzərə beynəlxalq ictimaiyyətə də təqdim olunmuş, şəhərin vəziyyəti “Qafqazın Xirosiması” ifadəsi ilə xarakterizə edilmişdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması tələb olunsa da, beynəlxalq hüququn bu tələbi uzun müddət nəticəsiz qaldı. Beləliklə, Ağdamın taleyi təkcə regional münaqişənin deyil, həm də beynəlxalq hüququn icrası və ədalətin təmin olunması məsələsinin göstəricisinə çevrildi.
Bütün bu ağır sınaqlara baxmayaraq, ağdamlıların doğma torpağa bağlılığı zəifləmədi. Məcburi köçkünlük illərində Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar öz şəhərlərinə qayıdacaqları günü gözlədilər. Bu inamın siyasi və mənəvi əsasları isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə möhkəmləndi. Ulu Öndərin məcburi köçkünlərlə görüşlərində səsləndirdiyi qayıdış əminliyi xalqın yaddaşında xüsusi yer tutdu. Onun 1998-ci ildə Novruz bayramı münasibətilə söylədiyi, gələcəkdə bayramların azad edilmiş Qarabağ şəhərlərində keçiriləcəyinə dair fikirləri zaman keçdikcə milli hədəfə çevrildi.
Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin yüksəldilməsi bu hədəfin gerçəkləşməsi üçün zəruri zəmin yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. Noyabrın 20-də Ağdamın işğal altında qalmış ərazilərinin Azərbaycana qaytarılması şəhərin həyatında yeni səhifə açdı. Bu tarix həm də uzun illər yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinə doğru atılan mühüm addım oldu.
Ağdamın azadlığının dövlət səviyyəsində əbədiləşdirilməsi də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi və şəhərin azadlığı uğrunda xidmət göstərmiş hərbi qulluqçuların təltif olunması Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığına verilən yüksək qiymətdir. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncamla noyabrın 20-nin Ağdam Şəhəri Günü elan edilməsi isə bu tarixin ümummilli yaddaşımızda xüsusi yerini təsdiqlədi.
Lakin Ağdamın qarşısında duran əsas vəzifə azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, şəhərin iqtisadi potensialının hərəkətə gətirilməsi və sakinlərin təhlükəsiz, dayanıqlı yaşayışının təmin edilməsi idi. Bu istiqamətdə həyata keçirilən işlər vahid inkişaf konsepsiyasına əsaslanır. 2022-ci il avqustun 16-da təsdiqlənmiş Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı bu strategiyanın əsas sənədlərindən biridir. Plan çərçivəsində şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, müasir sosial və kommunal infrastrukturun formalaşdırılması, əhalinin perspektivdə 100 min nəfərə çatdırılması nəzərdə tutulur. Ağdamın Azərbaycanın iri şəhərlərindən birinə çevrilməsi hədəfi onun gələcək iqtisadi və demoqrafik potensialını da nümayiş etdirir.
Yeni şəhər modelinin formalaşdırılmasında diqqət çəkən məqamlardan biri yaşayış, istehsal, xidmət, təhsil və mədəniyyət sahələrinin qarşılıqlı əlaqədə inkişaf etdirilməsidir. Çünki şəhərin dirçəlişi yalnız müasir binaların inşası ilə ölçülə bilməz. Əsl inkişaf insanların doğma yurdda işlə təmin olunması, sosial xidmətlərdən yararlanması, sahibkarlıq fəaliyyəti göstərməsi və normal həyat şəraitinə sahib olması ilə mümkündür. Bu baxımdan Ağdamda həyata keçirilən layihələr kompleks yanaşmanın nümunəsidir.
Rayonun iqtisadi gələcəyində Ağdam Sənaye Parkı xüsusi mövqeyə malikdir. 2021-ci il mayın 28-də yaradılan və 190 hektar ərazini əhatə edən sənaye parkı bölgədə istehsal ənənələrinin yenidən formalaşdırılması, investisiyaların cəlb edilməsi və yeni məşğulluq imkanlarının yaradılması baxımından mühüm platformadır. Müxtəlif istehsal sahələrini əhatə edən müəssisələrin fəaliyyəti Ağdamın iqtisadiyyatını yalnız bərpa etmir, eyni zamanda onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. 2026-cı ilin avqustunda İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlara əsasən, parkda 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 177 milyon manatdan artıq investisiya yatırılıb və 1230 daimi iş yeri yaradılıb. Həmin ilin ilk yarısında burada 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bu göstəricilər sənaye parkının artıq real iqtisadi nəticələr verən istehsal mərkəzinə çevrildiyini təsdiqləyir.
Ağdamın iqtisadi inkişafını sürətləndirən digər amil onun nəqliyyat əlaqələrinin genişləndirilməsidir. 2025-ci il mayın 10-da istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin nəqliyyat şəbəkəsinə inteqrasiyasında mühüm mərhələ oldu. Kompleksin gündəlik minlərlə sərnişinə xidmət göstərmək imkanları bölgənin əlçatanlığını artırmaqla yanaşı, turizm, ticarət və sahibkarlıq fəaliyyətinin inkişafına da əlverişli şərait yaradır. Nəqliyyat infrastrukturunun genişlənməsi Ağdamın yalnız yerli əhəmiyyətli yaşayış məntəqəsi kimi deyil, Qarabağın iqtisadi və logistika sistemində mühüm əlaqələndirici mərkəz kimi formalaşmasına xidmət edir.
Şəhərin yenidən doğuluşu onun mədəni həyatının bərpası ilə də müşayiət olunur. Ağdam tarixən Qarabağın musiqi ənənələrinin qorunub yaşadıldığı məkanlardan biri olub. Bu ənənənin davam etdirilməsi məqsədilə yaradılan Muğam Mərkəzinin 2025-ci il mayın 10-da istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. 474 yerlik konsert zalı, 15 dərs otağı və 615 tamaşaçı tutumuna malik açıq amfiteatrı olan mərkəz muğam sənətinin tədrisi, təbliği və gələcək nəsillərə ötürülməsi üçün geniş imkanlar yaradır. Cümə məscidinin bərpası, İmarət Kompleksində aparılan yenidənqurma işləri və digər tarixi-mədəni məkanların qorunması da Ağdamın milli-mənəvi irsinin bərpasına xidmət edir. Bu layihələr göstərir ki, yeni Ağdam yalnız müasir memarlıq nümunələri ilə deyil, öz tarixi yaddaşına və mədəni köklərinə bağlılığı ilə də seçiləcək.
Bərpa prosesinin mühüm istiqamətlərindən biri turizm və xidmət sektorunun inkişafıdır. Müasir hotellərin, ictimai iaşə və xidmət obyektlərinin yaradılması şəhərin qonaq qəbul etmək imkanlarını genişləndirir. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” kimi hotellərin fəaliyyəti bu istiqamətdə atılan addımlardandır. Ağdamın tarixi məkanları, mədəniyyət obyektləri və gələcəkdə genişlənəcək turizm infrastrukturu bölgənin iqtisadi şaxələndirilməsinə, yeni sahibkarlıq təşəbbüslərinin meydana çıxmasına şərait yarada bilər.
Bütün bu layihələrin mahiyyəti isə Böyük Qayıdış prosesində daha aydın görünür. Çünki görülən işlərin başlıca məqsədi şəhərin fiziki görünüşünü dəyişdirməkdən daha genişdir: əsas məqsəd insanların öz yurdlarında təhlükəsiz və layiqli həyat qurmasını təmin etməkdir. 2026-cı ilin noyabrına olan məlumata əsasən, Ağdam şəhərində, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Bu rəqəmlər illərlə davam edən ayrılığın tədricən sona çatdığını, doğma torpaqlarda yeni həyatın formalaşdığını göstərir. Hər yeni yaşayış evi, açılan məktəb, fəaliyyətə başlayan müəssisə və yenidən canlanan küçə Böyük Qayıdışın konkret nəticəsidir.
2026-cı il noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı yeni istehsal müəssisələrinin açılışı və Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq bölgənin inkişaf gündəliyinin davam etdiyini bir daha nümayiş etdirdi. Sənaye və istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi məşğulluğun artırılmasına, səhiyyə infrastrukturunun genişləndirilməsi isə sakinlərin keyfiyyətli tibbi xidmətlərə çıxışına xidmət edir. Bu yanaşma Ağdamın bərpasının ayrı-ayrı tikinti layihələrindən ibarət olmadığını, şəhərin bütün həyat sahələrini əhatə edən uzunmüddətli inkişaf strategiyasına söykəndiyini təsdiqləyir.
Ağdamın bugünkü inkişafı həm də Azərbaycanın postmünaqişə dövründə müəyyən etdiyi prioritetlərin aydın göstəricisidir. Dövlətin qarşısında duran vəzifə azad edilmiş ərazilərdə suverenliyi möhkəmləndirməklə yanaşı, iqtisadi fəallığı artırmaq, sosial rifahı təmin etmək, tarixi irsi qorumaq və əhalinin doğma torpaqlara qayıdışını davamlı xarakterə çevirməkdir. Ağdamda həyata keçirilən genişmiqyaslı layihələr bu məqsədlərin bir-biri ilə nə qədər sıx bağlı olduğunu göstərir. Burada qurulan hər bir müəssisə iqtisadi müstəqilliyə, yaradılan hər bir sosial obyekt insan rifahına, bərpa edilən hər bir tarixi məkan isə milli yaddaşın qorunmasına xidmət edir.
Ağdamın yeni inkişaf mərhələsi bir həqiqəti xüsusilə ön plana çıxarır: tarixi şəhərlərin gələcəyi yalnız onların keçmişi ilə deyil, bu keçmişdən hansı güc və iradə ilə yeni inkişaf modeli yaratmaları ilə müəyyən olunur. Ağdam uzun illər işğalın yaratdığı ağır nəticələrlə üzləşsə də, bu gün iqtisadi potensialı, müasir infrastrukturu, mədəni həyatın dirçəlişi və sakinlərinin qayıdışı ilə yeni mərhələyə qədəm qoyub. Şəhərin qarşısında duran əsas hədəf Qarabağın aparıcı iqtisadi, sosial və mədəni mərkəzlərindən birinə çevrilməkdir.
20 Noyabr – Ağdam Şəhəri Günü bu baxımdan yalnız azadlığın ildönümü deyil, həm də milli yaddaşın, tarixi ədalətin və quruculuq əzminin təntənəsidir. Ağdamın yenidən yüksəlişi sübut edir ki, bir şəhərin həqiqi gücü onun binalarının hündürlüyündə deyil, tarixinə bağlılığında, insanlarının iradəsində və gələcəyə hesablanmış inkişaf potensialındadır. Bu gün Ağdamda salınan hər yeni küçə, açılan hər müəssisə və doğma yurduna qayıdan hər ailə şəhərin gələcəyinə yazılan yeni bir səhifədir. Dağıntıların yerində həyatın yenidən qurulması isə Azərbaycanın milli iradəsinin və quruculuq qüdrətinin ən aydın ifadələrindən biridir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər