PDF Oxu

Siyasət

  • 304

Yeni Azərbaycan Partiyası– Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi - ŞƏRH

Yeni Azərbaycan Partiyası– Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi - ŞƏRH

1992-ci il noyabrın 21-i Azərbaycan siyasi tarixində mühüm və əlamətdar günlərdən biridir. Həmin tarixdə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin gələcək taleyində həlledici rol oynayan siyasi proseslərin başlanğıcına çevrildi. Müstəqilliyin ilk illərində yaşanan siyasi böhran, hakimiyyətsizlik və qeyri-sabitlik şəraitində xalq ölkəni bu çətin vəziyyətdən çıxara biləcək güclü liderə və siyasi qüvvəyə ehtiyac duyurdu. Belə bir tarixi məqamda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən ziyalıların təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması milli iradənin təntənəsi, dövlətçilik maraqlarına xidmət edən cəsarətli siyasi seçim oldu.
Partiyanın yaranması Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi və ölkənin inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından yeni imkanlar açdı. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik rəhbərliyi sayəsində YAP qısa müddətdə geniş ictimai dəstək qazandı. Onun rəhbərliyi ilə ölkədə sabitliyin bərqərar olması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafın əsaslarının yaradılması Azərbaycanın gələcək uğurlarına zəmin hazırladı. Təsis konfransında verilən qərar zaman keçdikcə öz tarixi doğruluğunu təsdiqləyən mühüm siyasi hadisəyə çevrildi.
Bu gün partiyanın fəaliyyətində əsas istiqamət Ümummilli Liderin müəyyən etdiyi siyasi ideyaların yaşadılması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrilib. Dövlət başçısının VIII qurultayda səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri ölkəmizin inkişaf strategiyasında ardıcıllığın qorunduğunu və siyasi kursun möhkəm təməllər üzərində davam etdiyini göstərir. Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik ideyalarını yeni dövrün reallıqları ilə uzlaşdıraraq Azərbaycanın qarşısında yeni perspektivlər açıb.
Partiyanın VIII qurultayı Azərbaycanın tarixində yeni mərhələnin başlandığı bir dövrdə keçirilməsi ilə də əlamətdardır. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin siyasi və geosiyasi mövqeyini əsaslı şəkildə dəyişib. Prezident İlham Əliyevin qurultaydakı “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri bu reallığın siyasi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Artıq Azərbaycanın qarşısında dayanan vəzifələr yeni imkanlar və strateji məqsədlər üzərində qurulur.
VIII qurultayda müəyyənləşdirilən fəaliyyət istiqamətləri və qəbul edilən Proqram da məhz bu yeni mərhələnin tələblərindən irəli gəlir. Müasir siyasi proseslər, qlobal dəyişikliklər və regionda formalaşan yeni münasibətlər nəzərə alınmaqla hazırlanan Proqram partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə ölkənin taleyüklü məsələlərində vahid mövqenin, milli həmrəyliyin və ortaq məsuliyyətin vacibliyini ifadə edir. Dövlətçilik maraqlarının hər şeydən üstün tutulması Azərbaycanın qazandığı uğurların davamlılığı üçün mühüm şərtdir.
Bu gün Yeni Azərbaycan Partiyası zəngin siyasi irsi, möhkəm ideoloji dayaqları və xalqın etimadına əsaslanan fəaliyyəti ilə ölkənin aparıcı siyasi qüvvəsi olaraq öz missiyasını davam etdirir. 21 noyabr 1992-ci ildə əsası qoyulan siyasi təşkilatın keçdiyi yol Azərbaycanın dövlətçilik salnaməsinin mühüm bir hissəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və xalqla birlik YAP-ın gələcək fəaliyyətinin əsasını təşkil edir. Partiyanın yaranma tarixi bu gün də milli iradənin, siyasi qətiyyətin və müstəqil Azərbaycanın davamlı inkişaf əzminin rəmzi kimi böyük əhəmiyyət daşıyır.

Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər