PDF Oxu

Siyasət

  • 359

Qarabağın qapısı Ağdam: dünənin yaddaşı, bu günün qüruru, sabahın ümidi - ŞƏRH

Qarabağın qapısı Ağdam: dünənin yaddaşı, bu günün qüruru, sabahın ümidi - ŞƏRH

Qarabağın zəngin mədəni, iqtisadi və tarixi mərkəzlərindən biri olan Ağdam şəhəri təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin yaddaşında şəhərlərin məqsədli şəkildə yer üzündən silinməsinin ən ağır nümunəsi kimi qalmışdır. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən və 27 il ərzində talan olunan Ağdam beynəlxalq mətbuatda və ekspert dairələrində haqlı olaraq “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırılmışdır. İşğaldan azad edildikdən sonra ortaya çıxan mənzərə Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və mədəni soyqırımı siyasətinin miqyasını bütün dünyaya nümayiş etdirdi.

1993-cü ilə qədər Ağdam Qarabağ bölgəsinin ən iri və dinamik inkişaf edən şəhərlərindən biri idi. İşğal ərəfəsində təkcə Ağdam şəhərində 40 minə yaxın, bütövlükdə rayonda isə 150 mindən çox əhali yaşayırdı. Şəhər həm iqtisadi potensialı, həm də zəngin mədəni mühiti ilə seçilirdi. Burada Çörək Muzeyi, Dövlət Dram Teatrı, Muğam Məktəbi, tarix-diyarşünaslıq muzeyləri, onlarca məktəb, xəstəxana və sənaye müəssisələri fəaliyyət göstərirdi. Ağdam həm də Qarabağ muğam məktəbinin beşiyi və Azərbaycanın məşhur “Qarabağ” futbol klubunun doğma yurdu kimi tanınırdı.

Hər bir şəhərin özünəməxsus ruhu, coğrafi mövqeyindən qaynaqlanan strateji dəyəri və əsrlərlə formalaşmış tarixi kimliyi mövcuddur. Təsadüfi deyil ki, Ağdam coğrafi baxımdan dağlıq və aran Qarabağı birləşdirən mühüm qovşaq kimi tarixən "Qarabağın qapısı" adlandırılmışdır. XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Ağdam qısa müddətdə regionun mühüm sosial-iqtisadi, aqrar və mədəni mərkəzinə çevrilmişdir. Zəngin memarlıq ənənələri, bənzərsiz muğam məktəbi, xalçaçılıq və sənətkarlıq nümunələri, eləcə də Azərbaycan elminə, ədəbiyyatına və incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərlə seçilən bu şəhər ölkəmizin mədəni həyatının əsas dayaqlarından biri idi. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Ağdamın təbii inkişaf yolu zorakılıqla kəsildi. Birinci Qarabağ müharibəsi dövründə şəhərin və ətraf kəndlərin müdafiəsi uğrunda minlərlə Azərbaycan övladı misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Ulu Öndər Heydər Əliyevin həmin ağır illərdə xüsusi ehtiramla vurğuladığı kimi: "Ağır şərtlər altında yaşayan ağdamlılar böyük hörmətə layiqdirlər". Məhz bu dözüm, sarsılmaz iradə və vətənpərvərlik ruhu şəhərin mənəvi varlığını yaddaşlarda qoruyub saxladı.

Ağdamın taleyi müharibə gedişatında baş verən təsadüfi dağıntıların nəticəsi deyildi. Şəhərdə aktiv hərbi əməliyyatlar bitdikdən sonra belə, 27 il ərzində evlərin dam örtükləri, pəncərələri, daşları və hətta yeraltı kommunikasiya xətləri sökülərək daşınmışdır. Bu prosesin əsas məqsədi azərbaycanlıların bir daha öz doğma yurdlarına qayıtmasının qarşısını almaq və regionda Azərbaycan mədəni irsinin izlərini tamamilə silmək idi.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürdü. Müharibənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olaraq şəhərin mərkəzində üçrəngli Dövlət Bayrağımızı ucaltdı. Cəmi üç gün sonra – noyabrın 23-də isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad edilmiş Ağdama səfər edərək şəhərin yenidən qurulacağının müjdəsini verdilər.

Ağdam rayonunun işğaldan azad edilməsindən sonra şəhərə səfər edən xarici diplomatlar, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri gördükləri mənzərə qarşısında dəhşətə gəlmişdilər. Məşhur fotoqraf Reza Deqati, eləcə də dünyanın aparıcı media qurumlarının müxbirləri Ağdamı İkinci Dünya müharibəsindən sonra atom bombası atılmış Xirosima şəhəri ilə müqayisə etmişlər. Şəhərdə Cümə məscidinin uzaqdan görünən minarələri istisna olmaqla, demək olar ki, heç bir salamat bina qalmamışdı.

Bu gün Ağdam həm erməni vandalizminin tarixi sübutu, həm də Azərbaycan dövlətinin quruculuq gücünün rəmzidir. İşğaldan azad edildikdən dərhal sonra ərazidə genişmiqyaslı minatəmizləmə və yenidənqurma işlərinə başlanılmışdır. Yeni Baş Plana əsasən Ağdam 100 min əhalinin yaşayacağı müasir, "ağıllı" və yaşıl şəhər konsepsiyası üzrə yenidən qurulur. Eyni zamanda, gələcək nəsillərin və beynəlxalq ictimaiyyətin baş verən faciəni unutmaması üçün Ağdamda İşğal və Zəfər Muzey Kompleksi yaradılır və dağıntıların bir hissəsi açıq səma altında tarixi şahid kimi qorunub saxlanılır.

20 Noyabr - Ağdam Şəhəri Günü təkcə bir şəhərin azadlıq tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və quruculuq əzminin rəmzidir. Bir vaxtlar ruhlar şəhəri adlandırılan Ağdam bu gün yenidən həyatın qaynadığı, abad və firavan bir Azərbaycan şəhəri kimi öz şanlı gələcəyinə doğru inamla addımlayır.

20 Noyabr - Ağdam Şəhəri Günü bizə bir həqiqəti xatırladır: heç bir dağıntı xalqın quruculuq əzmindən güclü ola bilməz. Ağdam bu gün təkcə bərpa olunmur, o, həm də Azərbaycan xalqının yenilməzliyinin, torpağa bağlılığının və sabaha olan sonsuz inamının canlı abidəsi kimi yenidən ucalır.

Samirə Zeynalova

YAP Tərtər rayon təşkilatının mühasibi

Digər xəbərlər