Azərbaycanla Vyetnam arasında minlərlə kilometr məsafə, fərqli zaman zonaları olsa da, bu ölkə dövlətimizlə strateji tərəfdaşdır. İki ölkəni yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. 2025-ci ilin may ayının 7- də Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilmiş görüşdən sonra mətbuata verilmiş bəyanat, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat, həmçinin Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki strateji baxışlarını və çoxtərəfli əməkdaşlıq kursunu bir daha təsdiq etdi.
Rəsmi görüşlərdə aparılan müzakirələr, imzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında davamlı, sistemli və çoxşaxəli əlaqələrin qurulmasına yönəlmiş ortaq iradənin nümayişi kimi tarixi əhəmiyyət daşıyır. İki ölkənin liderləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir. Bu, qarşılıqlı fəaliyyətin siyasi-hüquqi bazasının möhkəmləndirilməsi baxımından önəmli addımdır. Tarixi təcrübələr də bu yaxınlığı təsdiqləyir. XX əsrdə Vyetnam müstəmləkəçiliyə və imperializmə qarşı mübarizənin simvoluna çevrildi. Azərbaycan isə əsrin sonunda öz suverenliyi və müstəqilliyi uğrunda bənzər mübarizələr yaşadı. Bu iki xalqın yaddaşında torpaq sevgisi, əyilməzlik və azadlıq iradəsi dərin köklərə malikdir. Bu yaxınlıq heç bir diplomatik sənəddə yazılmasa belə, xalqların qəlbində möhkəm bir dostluq körpüsünə çevrilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var: “…Apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”. Dövlət başçısı Azərbaycanın Vyetnam ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin formalaşdığını bildirdi. Azərbaycan ilə Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı.
Vyetnam Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. İqtisadi-ticari, energetika, nəqliyyat, mədəniyyət və müdafiə sənayesi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi tərəflərin siyasi gündəliyində xüsusi yer tutur. Hər iki tərəf birgə investisiya təşəbbüsləri, enerji resurslarının şaxələndirilməsi və texnoloji mübadilə imkanlarının araşdırılması istiqamətində razılıq əldə edib. Xüsusilə, Azərbaycanın SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında energetika sahəsində anlaşmalar iki ölkə arasında enerji sektorunda genişlənən əlaqələrin əhəmiyyətini təcəssüm etdirir. Rəqəmsal inkişaf və texnologiyalar üzrə əməkdaşlıq da nəzərə çarpan bir istiqamətdir. Bu faktorlar elmi və texnoloji yeniliklərdə qarşılıqlı faydanı təmin etmək və rəqəmsal sahədə inkişafı təşviq etmək məqsədini daşıyır.
Bütövlükdə, Vyetnam lideri To Lamın Bakıya səfəri ikitərəfli münasibətlərin inkişafına real töhfə verən əlamətdar hadisədir. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar uzunmüddətli tərəfdaşlıq üçün strateji yol xəritəsinin formalaşdırılmasını nəzərdə tutur, həmçinin Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı anlaşma və hörmət prinsiplərinə əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Bu isə gələcəkdə Azərbaycan-Vyetnam münasibətlərinin daha dayanıqlı əsaslar üzərində inkişaf edəcəyini deməyə əsas verir. Azərbaycan-Vyetnam əlaqələri yeni dünya nizamında dostluq modelinə nümunədir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri