Siyasət

  • 3 991

Böyük Qayıdış şanlı tariximizə dərin iz qoyacaq! - ŞƏRH

image

Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı Azərbaycan əraziləri işğaldan azad etdi. Hazırda bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm işlər davam etməkdədir. Bu prosesin başa çatmasından sonra həmin ərazilərdə yenidən məskunlaşma və ərazilərin iqtisadi cəhətdən inkişaf etdirilməsi məsələləri gündəmə gətiriləcək. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasının və bərpa edilməsinin, həmçinin bu ərazilərdə normal məskunlaşmanın və təhlükəsizliyin, səmərəli iqtisadi fəaliyyətin və yüksək rifahın təmin edilməsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond hüquqi şəxs olaraq, işğaldan azad edilən ərazilərdə həyata keçirilən digər işlərlə yanaşı, sosial-iqtisadi tədbirlərə də maliyyə dəstəyi göstərəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onları çox sevindirdi. Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb. Bu milli prioritetlər əsasında tərtib olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf, göstəricilər, Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələri, monitorinq və icrasının qiymətləndirilməsi, tədbirlər planı və digər mühüm məsələlər yer alıb.

Azərbaycanda 2022-ci ilin əsas uğurlarından biri işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsi oldu. Ötən ilin mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında görülən yenidənqurma işlərinin miqyası olduqca əhatəlidir. Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Zəngilan rayonunun Ağalı kəndində görülən işlər də göstərir ki, yurd yerlərimiz sürətlə bərpa edilir. İşğal olunmuş ərazilər geniş və münbit torpaq sahələrini əhatə etdiyindən, şübhəsiz ki, bu ərazilərdə digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, aqrar sahənin inkişaf perspektivləri daha yüksəkdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, aqrar sektor bu ərazilərdə yaşayan insanların mühüm hissəsinin ənənəvi məşğulluq sahəsidir.

İşğaldan azad edilən ərazilərin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, şübhəsiz ki, insanların öz doğma yurdlarına qayıtması və ərazilərin geniş həcmdə məskunlaşması ilə daha çox bağlıdır. Lakin bu ərazilərdə aqrar sektorun inkişaf tarixini və bu ərazilərdə məskunlaşacaq əhalinin aqrar təsərrüfatlarda toplanmış zəngin təcrübəsini nəzərə alsaq, onda əmin olarıq ki, ərazilərin məskunlaşması və gələcəkdə inkişafı aqrar sektorun inkişaf səviyyəsindən daha çox asılıdır. Əhali praktiki olaraq, heç bir infrastrukturu olmayan və tamamilə dağıdılmış torpaq sahələrinə qayıdır. Buna baxmayaraq, bu regionlarda yaşamış ailələr öz yurdlarına qayıtmağa hazırdır. Belə psixoloji hazırlıq bərpa və yenidənqurma işlərinin daha yüksək səviyyədə qurulması üçün yaxşı başlanğıcdır. Lakin qayıtma prosesinin əsas infrastruktur yaradılandan sonra başlaması hamı tərəfindən məqbul hesab edilir. Belə infrastruktura yollar, elektrik, qaz və su xətləri, xəstəxanaların və məktəblərin və sair tikilməsi daxildir.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan dövlətinin Qarabağın yenidənqurma və bərpa prosesinə yerli mütəxəssislərin cəlb olunması ilə yanaşı, xarici investorlarla- Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. ölkələrlə əməkdaşlıq etmək niyyətini bildirib. Hazırda bu ölkələrdən olan müxtəlif şirkətlər Qarabağın bərpa prosesində aktiv iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib işlərdən biri həmin ərazilərin elektrik enerjisi ilə təchiz edilməsi oldu. Artıq bu ərazilərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işləri demək olar ki, tamamlanmaq üzrədir. “Ağıllı kənd”, ”Ağıllı şəhər” layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük Qayıdışın başlanğıcı oldu. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə dövlət xidmətlərindən yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” layihəsi kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə keçməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilən bu layihələrin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan tarixi qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Azərbaycanın dilbər guşəsi Qarabağda yeni müasir şəhərlər, kəndlər salınacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri yaradılacaq. Qarabağ nəinki Azərbaycanın, dünyanın füsünkar məkanlarından birinə çevriləcək.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər